Zakir Həsənov İranın müdafiə naziri ilə hərbi əməkdaşlığı müzakirə edib
6 Fevral 2026 17:10   Paylaş

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, ölkəmizdə səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadə rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Stabil.az" Nazirliyə istinadən xəbər verir ki, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək xatirələrinə ehtiram göstəriblər. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçid olub, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu vurğulayıb, qarşılıqlı səfərlər və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini bildirib.

Briqada generalı Ə.Nəsirzadə isə ölkələr arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın, hərbi sahədə də inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin tərəflər regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol