Yeni Sərəncama əsasən pensiya kapitalı 5,6 faiz yüksəldildi
10 Fevral 2026 12:24   Paylaş

Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən, sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək toplanmış pensiya kapitalları istehlak qiymətləri indeksinə uyğun olaraq 5,6 faiz artırılıb.

"Stabil.az" xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair fevralın 10-da keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

O bildirib ki, pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir: "Pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak edənlər üçün bir stimuldur. Onlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər və pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar və gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol