Yaxın Şərqdəki münaqişə Glencore-un mənfəətini ikiqat artırıb
İsveçrənin Glencore şirkəti 2026-cı ilin birinci yarısında treydinq mənfəətini ikiqat artıraraq Rusiya-Ukrayna müharibəsinin başladığı dövrə bənzər yüksək nəticə göstərib.
"Stabil.az" xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ilin birinci yarısı İsveçrənin Glencore şirkəti üçün Rusiya ilə Ukrayna arasında müharibənin başladığı dövr qədər əlverişli nəticələrlə yadda qalıb. Şirkətin treydinq, yəni ticarət bölməsi ABŞ ilə İran arasındakı müharibənin yaratdığı əlverişli bazar şərtləri fonunda əməliyyat mənfəətini iki dəfə artıraraq 3,3 milyard dollara yüksəldib.
Bu göstərici mis və kömür də daxil olmaqla böyük həcmdə öz hasilatını həyata keçirən şirkətin ümumi mənfəətini əks etdirmir. Glencore-un tam maliyyə hesabatı yalnız gələn həftə açıqlanacaq. Bununla yanaşı, digər iri enerji treyderləri də oxşar nəticələr nümayiş etdiriblər. Trafigura və Mercuria şirkətləri də mənfəətlərini iki dəfə artırıblar.
Müharibədən əvvəl İsveçrə treyderinin Rusiya ilə sıx əlaqələri mövcud idi. Şirkət “RussNeft” və “Rosneft” şirkətlərində paya sahib idi, həmçinin “Rosneft” və “Rusal” ilə uzunmüddətli müqavilələr imzalamışdı. Glencore Rusiya ilə fəaliyyətini əsasən 2022-ci ilin sonunadək dayandırsa da, həmin il treydinq fəaliyyətindən 6,4 milyard dollar mənfəət əldə etmişdi.
Hesabatda diqqət çəkən əsas məqam Glencore-un ilin sonunadək treydinq nəticələri ilə bağlı hər hansı proqnoz təqdim etməməsidir. Trafigura da Yaxın Şərqdə qeyri-müəyyənliyin yüksək olaraq qaldığını və mövcud geosiyasi vəziyyət fonunda etibarlı proqnoz verməyin praktiki olaraq mümkün olmadığını açıqlamışdı.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





