Yaxın Şərqdə gərginlik yenidən artır – Dünyanın reaksiyası
5 May 2026 14:57   05 May 2026 15:03 Paylaş

Regionda elan edilmiş atəşkəsə başmayaraq Yaxın Şərqdə gərginlik yenidən artır. Buna səbəb isə, Birləşmiş Ərəb Əmirliklərinin İrandan atılan 15 raketi və dörd pilotsuz uçuş aparatını ələ keçirdiyini bildirməsindən və bu hücumlara cavab vermək hüququnu özündə saxlaması barədə xəbərdarlıq etməsindən sonra baş verib.

"Stabil.az"ın məlumatına görə, BƏƏ rəsmiləri pilotsuz uçuş aparatı ilə hücumdan sonra Fuceyra Neft Sənayesi Zonasında yanğın baş verdiyini açıqlayıb.
Bildirilib ki, insident zamanı üç Hindistan vətəndaşı yaralanıb. Ölkə rəsmilər həmçinin eyd ediblər ki, İran Hörmüz boğazından keçməyə cəhd edən dövlətə məxsus neft şirkətinə aid boş xam neft tankerinə də hücum edib.

İran isə öz növbəsində BƏƏ-nin ittihamlarını təkzib edib. Bütün bu hadisələr isə hazırda dünyanın gündəmində müzakirə olunan əsas mövzulardan biridir.

Bəs dünyanın müxtəlif ölkələrinin rəsmiləri İranın BƏƏ-yə hücumlarına necə reaksiya veriblər?

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın BƏƏ-də mülki və iqtisadi obyektləri, eləcə də Əmirlik şirkətinə məxsus gəmini hədəf almasını “ən sərt şəkildə” qınadığını və pislədiyini bildirib.

“Krallıq qardaş Birləşmiş Ərəb Əmirliklərinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü tədbirlərdə onunla həmrəy olduğunu təsdiqləyir və İran İslam Respublikasını bu hücumları dayandırmağa çağırır”, – deyə əlavə olunub.

News about -   Yaxın Şərqdə gərginlik yenidən artır – Dünyanın reaksiyası

Qətər

Qətər “yenidən baş verən İran hücumlarını qətiyyətlə qınadığını” bildirib və bu zərbələri “BƏƏ-nin suverenliyinin açıq-aşkar pozulması və regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid” hesab etdiyini vurğulayıb.
Qətər həmçinin BƏƏ ilə “tam həmrəyliyini” təsdiqləyib və “BƏƏ-nin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü bütün tədbirləri” dəstəklədiyini bildirib.

Küveyt

Küveytin Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşdığı bəyanatda bildirib ki, İranın fəaliyyətləri “beynəlxalq su yollarında naviqasiya azadlığı prinsipinin açıq pozuntusudur və regional təhlükəsizliyi və qlobal təchizat xətlərinin təhlükəsizliyini təhdid edir”.

Nazirlik həmçinin hücumların dərhal dayandırılmasına çağırıb və BƏƏ-ni dəstəkləyəcəyini, onun “təhlükəsizliyini və maraqlarını qorumaq üçün gördüyü bütün tədbirləri” müdafiə edəcəyini bildirib.

Bəhreyn

Bəhreynin Xarici İşlər Nazirliyi İranın hücumlarını pisləyib və bu zərbələri “regionun təhlükəsizliyi və sabitliyini təhdid edən təhlükəli eskalasiya” kimi qiymətləndirib.

Nazirlik həmçinin BƏƏ-nin mümkün cavab tədbirlərini dəstəklədiyini bildirib və BMT Təhlükəsizlik Şurasını “bu təkrar və əsassız İran hücumlarına qarşı qəti və çəkindirici mövqelər və tədbirlər görməyə” çağırıb.

İordaniya

İordaniyanın xarici işlər naziri Ayman Safadi BƏƏ-li həmkarı Abdullah bin Zayed Al Nahyan ilə danışıb və “İranın BƏƏ-yə qarşı yenilənmiş hücumlarını” qınayıb.

Safadi İordaniyanın bu hücumlarla mübarizədə BƏƏ ilə “tam həmrəyliyini” bir daha vurğulayıb. O, zərbələri “təhlükəli eskalasiya və BƏƏ-nin təhlükəsizliyinə, sabitliyinə, ərazi bütövlüyünə və vətəndaşları ilə sakinlərinin təhlükəsizliyinə təhdid, həmçinin beynəlxalq hüququn və BMT nizamnaməsinin açıq pozuntusu” kimi xarakterizə edib.

Almaniya

Almaniya Kansleri Fridrix Merts İranın hücumlarını qətiyyətlə pisləyib və BƏƏ xalqı ilə həmrəyliyini ifadə edib.

“Tehran danışıqlar masasına qayıtmalı və regionu və dünyanı girov saxlamağa son qoymalıdır: Hörmüz boğazının blokadası dayandırılmalıdır. Tehran nüvə silahı əldə etməməlidir. Tərəfdaşlarımıza qarşı daha heç bir təhdid və ya hücum olmamalıdır”, – deyə o, “X” hesabında yazıb.

Kanada

Ölkənin Baş naziri Mark Karninin ofisi “X” hesabında paylaşım edərək bildirib ki, “Kanada İranın Birləşmiş Ərəb Əmirliklərinə qarşı səbəbsiz raket və pilotsuz uçuş aparatları ilə zərbələrini qətiyyətlə qınayır və onun xalqı ilə həmrəydir”.
Karni qeyd edib ki, Kanada “mülki şəxslərin və mülki infrastrukturun qorunması səylərini təqdir edir” və regionda gərginliyin azaldılması və diplomatiyaya çağırışını bir daha təkrarlayır.

News about -   Yaxın Şərqdə gərginlik yenidən artır – Dünyanın reaksiyası

Fransa

Fransa Prezidenti Emmanuel Makron İranın BƏƏ-yə qarşı zərbələrini qınayıb, onları “əsassız və qəbuledilməz” adlandırıb və regiondakı müttəfiqlərə dəstəyin davam edəcəyini vəd edib.

“Fransa münaqişənin başlanğıcından bəri etdiyi kimi, Əmirliklərdə və regionda müttəfiqlərini öz ərazilərinin müdafiəsi üçün dəstəkləməyə davam edəcək”, – deyə Makron “X”də yazıb.

Birləşmiş Krallıq

Böyük Britaniyanın Baş naziri Kir Starmer hücumları qınayıb və eskalasiyanın qarşısını almaq üçün İranı danışıqlara qoşulmağa çağırıb.

“Biz BƏƏ ilə həmrəyik və Körfəzdəki tərəfdaşlarımızın müdafiəsini dəstəkləməyə davam edəcəyik. Bu eskalasiya dayanmalıdır. İran Yaxın Şərqdə atəşkəsin davam etməsini təmin etmək və uzunmüddətli diplomatik həllə nail olmaq üçün danışıqlarda mənalı şəkildə iştirak etməlidir”, – Starmer bildirib.

Avropa İttifaqı

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen hücumları pisləyib və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan və onun xalqı ilə tam həmrəyliyini ifadə edib.

“Bu hücumlar qəbuledilməzdir, suverenliyin və beynəlxalq hüququn açıq pozuntusudur. Regiondakı təhlükəsizliyin Avropa üçün birbaşa nəticələri var. Buna görə də biz gərginliyin azaldılması və diplomatik həll üzərində tərəfdaşlarımızla sıx işləməyə davam edəcəyik”, – o, “X”də yazıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol