Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması üzrə ilk addım atılıb
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas keçirilib.
"Stabil.az"ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, “CESI S.p.A” şirkəti, Asiya İnkişaf Bankı (AİB), eləcə də üç ölkənin elektrik enerjisi şirkətlərinin nümayəndələri iştirak ediblər.
Energetika nazirinin müavini Orxan Zeynalov çıxışında Azərbaycan, Qazaxıstan və Özbəkistanın böyük bərpa olunan enerji potensialının araşdırılmasında üç ölkənin, beynəlxalq maliyyə institutlarının və məsləhətçi şirkətlərin birgə səylərinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ölkələr arasında enerji əlaqələrini gücləndirəcək və strateji əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.
Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov və Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadinov tədqiqatdan yüksək nəticələr gözlədiklərini bildirərək, layihənin regional enerji inteqrasiyası və aşağı karbonlu enerji keçidi baxımından strateji əhəmiyyət daşıdığını qeyd ediblər.
İclasda məsləhətçi şirkət “CESI S.p.A” və onun tərəfdaşları olan Türkiyənin “EPRA” və Böyük Britaniyanın “JURU” şirkətləri tərəfindən birgə icra olunacaq texniki-iqtisadi əsaslandırmanın ilkin mərhələsi üzrə planlaşdırılan tədbirlər, eləcə də müvafiq missiyanın təşkili məsələləri müzakirə olunub. Layihə üzrə növbəti addımlar razılaşdırılıb.
Qeyd edək ki, layihənin icrası məqsədilə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın “CESI S.p.A” şirkəti beynəlxalq tenderin qalibi elan edilib. Texniki-iqtisadi əsaslandırma prosesi Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə həyata keçiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





