YAP nümayəndə heyəti beynəlxalq konfransda iştirak üçün Belarusa dəvət olunub
13 Mart 2026 15:10   Paylaş

Martın 13-də YAP Sədrinin müavini Tahir Budaqov Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviç ilə görüş keçirib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarusun bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. Siyasi, iqtisadi, ticarət, turizm, səhiyyə, elm, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenkonun diqqət mərkəzində olduğu vurğulanaraq, iki ölkənin qlobal müstəvidə bir-birinin mənafelərinin qorunmasına böyük əhəmiyyət verdikləri bildirilib. Beynəlxalq platformalarda qarşılıqlı dəstəyin müştərək strateji hədəflərin reallaşdırılması baxımından önəmi diqqətə çatdırılıb.

Görüş zamanı Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub. Ötən il YAP nümayəndə heyətinin “Belaya Rus” Partiyasının təşkilatçılığı ilə Minskdə keçirilən beynəlxalq partiyalararası konfransda, “Belaya Rus” Partiyası nümayəndələrinin isə YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfransda iştirakı məmnunluqla vurğulanıb. Ölkələrimizin səmimi dostluq münasibətlərinin hakim partiyalar arasında əlaqələrin inkişafına əlverişli zəmin yaratdığı qeyd olunaraq gənclər arasında da təmasların sıxlaşdırılmasının vacibliyi ifadə edilib.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin də müzakirə olunduğu görüşdə səfir cari ilin may ayında “Belaya Rus” Partiyasının təşkilatçılığı ilə Brest şəhərində keçiriləcək “XXI əsrdə çoxqütblülük və müxtəliflik şəraitində dövlət suverenliyi və beynəlxalq münasibətlərin prinsipləri” mövzusunda beynəlxalq konfransda iştirak üçün YAP nümayəndə heyətini ölkəsinə səfərə dəvət edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol