Xocalı və Ağdərəyə köç davam edir: 53 ailəyə evlərinin açarları təqdim olunub
İyulun 24-də Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayona ümumilikdə 202 nəfərdən ibarət 53 ailə qayıdıb.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, sakinlərin qarşılanma və mənzillərin açarlarının təqdimat mərasimi Xocalı şəhərində keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara öz evlərində xoşbəxt və firavan həyat arzulayıb.
Qeyd edək ki, bu dəfə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə (31 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər), Təzəbinə kəndinə isə 9 ailə (39 nəfər) yerləşdirilib. Ağdərə rayonunda isə Aşağı Oratağ kəndinə 10 ailə (34 nəfər), Həsənsizli kəndinə 6 ailə (17 nəfər), Kolatağ kəndinə 3 ailə (19 nəfər), Vəngli kəndinə 6 ailə (26 nəfər) köçürülüb.



Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




