Xocalı faciəsi zamanı itkin düşən Zibeydə Əhmədova 34 ildən sonra dəfn edildi
Xocalı faciəsi zamanı itkin düşən və şəxsiyyəti bu gün dəqiqləşdirilmiş Zibeydə Bədəl qızı Əhmədovanın qalıqları 34 ildən sonra aşkar edilərək Xocalı şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
"Stabil.az" Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 1938-ci il təvəllüdlü Zibeydə Əhmədova Xankəndi şəhərində doğulub. 1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Xocalı rayonunda məskunlaşıb. O, 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı itkin düşüb.
İşğaldan azad olunmuş ərazilərdə aparılan araşdırmalar zamanı onun meyitinin qalıqları Ağdərə rayonu ərazisində aşkar edilib. Müvafiq dövlət qurumları tərəfindən aparılan genetik ekspertiza və identifikasiya prosesindən sonra qalıqlar ailəsinə təhvil verilib.
Qeyd edək ki, şəhid Zibeydə Əhmədovanın dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, şəhər sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.
Şəhidin tabutuna bükülən Azərbaycan Bayrağı onun tək övladı olan oğlu Fəxrəddin Əhmədova təqdim edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




