XİN: Rusiya-Ermənistan münasibətləri ilə bağlı məsələlərin Azərbaycanla əlaqələndirilməsinə son qoyulmalıdır
28 İyul 2026 12:13   28 Jul 2026 12:42 Paylaş

Azərbaycan Xarici İşlər Nazirliyi Mariya Zaxarovanın Qarabağ və KTMT ilə bağlı açıqlamalarına münasibət bildirərək Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməməli olduğunu qeyd edib.

"Stabil.az" xəbər verir ki, XİN-in mətbuat katibi Ayxan Hacızadə yerli medianın bu barədə sualını cavablayıb.

Qeyd olunub ki, Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı növbəti dəfə səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır.

Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır.

Vurğulanıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub. Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol