WUF13 iştirakçıları üçün rəqəmsal nəqliyyat xəritəsi təqdim olunub
5 May 2026 14:22   05 May 2026 15:07 Paylaş

WUF13 tədbiri müddətində nəqliyyatın hərəkətini yüksək səviyyədə tənzimləmək və koordinasiyanı təmin etmək üçün innovativ "rəqəmsal nəqliyyat xəritəsi"ndən istifadə olunacaq.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.

Onun sözlərinə görə, hazırlanmış “rəqəmsal xəritə” real vaxt rejimində iştirakçılara ümumi nəqliyyat planını izləmək imkanı yaradır.

“Xəritədə rəsmi otellər, nəqliyyat mübadilə mərkəzləri, marşrut xətləri və hərəkət cədvəlləri barədə ətraflı məlumatlar əks olunub. Tədbir çərçivəsində VAP portalı və yaşıl zolaq sistemi də tətbiq edilib. VAP sistemi nəqliyyat vasitələrinin əraziyə girişini və parklanmasını tənzimləyir, yalnız icazəsi olan nəqliyyat vasitələrinin tədbir məkanına buraxılmasını təmin edir və bu proses dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir. Artıq tətbiq edilən yaşıl zolaq sisteminin ümumi uzunluğu 41,5 kilometrdir. Bu zolaqlar mövcud yol şəbəkəsinə inteqrasiya olunaraq iştirakçıların tıxac olmadan və fasiləsiz şəkildə tədbir məkanına çatdırılmasına xidmət edir. Eyni zamanda, inklüziv və dayanıqlı nəqliyyat prinsipləri də nəzərə alınıb. Fiziki məhdudiyyətli şəxslər üçün əlçatanlıq həm nəqliyyat mübadilə mərkəzlərində, həm şəhər ictimai nəqliyyatında, həm də Bakı Olimpiya Stadionu ərazisində təmin edilib və onlar üçün uyğun nəqliyyat həlləri hazırlanıb”, - deyə şöbə müdiri vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol