Vüsal Qasımlı: Türk dünyasında ortaq sərhədi olan ölkələr arasında ticarət 1,55 faiz daha yüksəkdir
16 Sentyabr 2026 11:14   16 Sep 2026 11:38 Paylaş

Türk dünyasında ortaq sərhədi olan ölkələr arasında ticarət həcmi digər ölkələrlə müqayisədə 1,55 faiz daha yüksəkdir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

V.Qasımlı bildirib ki, aparılan qiymətləndirmələrdə ticarətə təsir göstərən əsas amillər, o cümlədən ÜDM, əhalinin sayı, ölkələr arasındakı məsafə və ortaq sərhəd nəzərə alınıb.

“Əhali sayı ilə ticarət arasında müsbət əlaqə müəyyən etdik. Mənfi təsir, təbii ki, məsafədən irəli gəlir. Eyni zamanda, ortaq sərhədlər Türk dünyasında ticarətə müsbət təsir göstərir. Başqa sözlə, ortaq sərhədi olan ölkələr arasında ticarət digər ölkələrlə müqayisədə 1,55 faiz daha yüksəkdir”, – deyə İİTKM-in icraçı direktoru vurğulayıb.

V.Qasımlının sözlərinə görə, aparılan təhlilin əsas nəticələrindən biri türk dövlətləri arasında iqtisadi inteqrasiyanın investisiya, logistika, sənaye əməkdaşlığı və regional dəyər zəncirləri vasitəsilə inkişaf etməsidir.

İİTKM-in icraçı direktoru əlavə edib ki, tədqiqat çərçivəsində türk dövlətləri üzrə məlumatlar əsasında əlavə son tələbin iqtisadi məhsula təsiri də qiymətləndirilib.

“Türkiyədə əlavə 1 milyon ABŞ dolları həcmində son tələb Türkiyənin iqtisadi məhsuluna 1,58 milyon ABŞ dolları həcmində təsir göstərir. Eyni zamanda, Türkiyədə əlavə son tələbin Macarıstan və Qazaxıstan kimi digər Türk dünyası ölkələrinin iqtisadi məhsuluna təsiri statistik baxımdan əhəmiyyətli deyil”, – deyə V.Qasımlı bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol