Vətəndaşları gəmidə olan ölkələr hantavirusla bağlı hansı tədbirlər görürlər?
Məlum olduğu kimi, may ayının əvvəlində Kabo-Verde sahillərində yerləşən “MV Hondius” adlı kruiz gəmisində ölümcül hantavirusun yayılması qeydə alınıb. Gəmidə olan 147 sərnişindən üç nəfər - niderlandlı bir cütlük və alman qadın virus səbəbindən həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək ümumilikdə doqquz yoluxma hadisəsi qeydə alıb ki, bunlardan yeddisi təsdiqlənib, ikisi isə şübhəli hal olaraq qalır.
"Stabil.az"ın məlumatına görə, son sərnişinlər və bəzi ekipaj üzvləri də artıq Tenerifenin cənub-şərqində yerləşən Qranadilla limanında kruiz gəmisini tərk ediblər.
Dünyanın müxtəlif yerlərindən olan onlarla sərnişin hazırda evlərinə qayıdır.
“BBC” bildirir ki, evlərinə qayıtmış bir amerikalı və bir fransız vətəndaşında sonradan test müsbət çıxıb, bir ispaniyalıda isə şübhəli hal qeydə alınıb.
Bəs müxtəlif ölkələr hantavirusla bağlı hansı tədbirlər görürlər?
Böyük Britaniya
İyirmi britaniyalı, Böyük Britaniyada yaşayan bir alman və bir yapon sərnişin mayın 10-u gecə saatlarında İngiltərənin şimal-qərbindəki Mersisayd bölgəsində yerləşən “Arrowe Park” Xəstəxanasına çatdırılıb.
Onlar 72 saat ərzində tibbi yoxlamalardan və müntəzəm testlərdən keçmək üçün xəstəxanada qalacaqlar. Onların daha sonra evlərinə qayıtmağa icazə veriləcək, lakin əlavə 42 gün ərzində özlərini təcrid etməlidirlər.
Sözügedən qrup çarter reysi ilə Mançester hava limanına gətirilib. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib ki, səfər boyu “infeksiyaya ciddi nəzarət tədbirləri” tətbiq olunub.
Ölkənin ictimai səhiyyə naziri Şeron Hodqson deyib ki, sərnişinlərin heç birində simptom yoxdur, lakin onlar “ehtiyat tədbiri kimi tətbiq olunan təcrid müddətinin bir hissəsi olaraq” yaxından izləniləcəklər: “Onlarda nə yoluxma halı, nə də simptomlar müşahidə olunduğuna, ciddi monitorinq və təcrid tədbirlərimizə görə ictimaiyyət üçün risk son dərəcə aşağı olaraq qalır”.
Ümumilikdə kruizdə aralarında sərnişin və ekipaj üzvləri olmaqla 31 britaniyalı iştirak edib. Onlardan bəziləri mayın 4-də gəmidə hantavirusun ilk təsdiqlənmiş halı açıqlanmamışdan əvvəl gəmidən düşmüşdü.
ABŞ
Gəmidə olan on səkkiz amerikalı sərnişin ABŞ-a qayıdıb.
Onlardan on altısı, o cümlədən həm Britaniya, həm də ABŞ vətəndaşı olan bir nəfər Nebraska Universitetinin Omaha şəhərindəki Tibb Mərkəzində yoxlanışdan keçirilir, iki nəfər isə Atlantadadır.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin (HHS) bildirdiyinə görə, sərnişinlərdən ikisi — o cümlədən yüngül simptomlar göstərən və çarter təyyarəsinin biotəhlükəsizlik bölməsində səyahət edən bir nəfər Atlantadakı Emory Universitetinin Regional Xüsusi Yoluxucu Xəstəliklərin Müalicə Mərkəzində müalicə olunur.
HHS nümayəndəsi Con Noks mayın 11-də deyib ki, ABŞ-a qayıdan şəxslər qarşıdakı günlərdə müxtəlif tibbi qiymətləndirmələrdən keçəcəklər. Daha sonra onların vəziyyəti və yaşayış şəraitinə əsasən evdə təcrid olunmalı və ya xüsusi müəssisədə qalmalı olub-olmamaları ilə bağlı fərdi tədbir planları hazırlanacaq.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) sənədində bildirilir ki, insanlar 42 gün özlərini təcrid etməli və müşahidə altında olmalıdırlar. Bu müddət ərzində onlar gündə bir dəfə hərarətlərini ölçməlidirlər.
Niderland
Avropa İttifaqının tövsiyələri Böyük Britaniyanın yanaşmasına bənzəyir. Üzv ölkələrə qayıdan vətəndaşlara “təlim keçmiş səhiyyə işçiləri tərəfindən tibbi triajdan keçmək” tövsiyə olunur.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) tövsiyəsinə görə, onlar daha sonra altı həftə ərzində özlərini təcrid etməli və simptomları izləməlidirlər. Əgər simptomlar yaranarsa, dərhal tibbi yardım almaq tövsiyə olunur.
Niderlandda mayın 10-da MV Hondius gəmisini tərk edən niderlandlı vətəndaşlar Eyndhovenə aparılıblar və hazırda karantin müddətini başa vururlar.
Hökumət bildirib ki, onlar mikroavtobuslarla birbaşa ev ünvanlarına aparılıblar. Təcriddə olan şəxslərlə aidiyyəti səhiyyə rəsmiləri hər gün əlaqə saxlayacaq.
Qeyd edək ki, gəmi Tenerifedə limana yan alan zaman onun göyərtəsində 13 niderlandlı - səkkiz sərnişin və beş ekipaj üzvü var idi.
İspaniya
Tenerifedən Madridə gətirilmiş on dörd ispaniyalı paytaxtdakı hərbi xəstəxanada məcburi karantindədir.
Ölkənin səhiyyə naziri Monika Qarsiya mayın 11-də bildirib ki, onlardan birində aparılan ilk testin nəticəsi ilkin olaraq müsbət çıxıb: “Həmin şəxs təcriddə qalır, simptomlar yoxdur və ümumi vəziyyəti yaxşıdır. Digər 13 sərnişinin ilkin test nəticələri mənfi olub. Yaxın saatlarda yekun nəticələri biləcəyik”.
Tenerife və ümumilikdə Kanar adalarının sakinləri kruiz gəmisinin orada dayanmasından narahat olduqlarını bildiriblər. Lakin ÜST rəsmiləri vurğulayıblar ki, “virusun fəaliyyət mexanizminə görə” genişmiqyaslı yoluxma riski aşağıdır.
Gəmini tərk edən sərnişin və ekipaj üzvləri yaşayış məntəqələrindən uzaqda yerləşən Qranadilla limanına daşınıblar.
Fransa
Ölkədə hantavirusun ilk təsdiqlənmiş halı qeydə alınıb. Belə ki, bir Fransa vətəndaşında Tenerifedən Parisə gedən çarter reysi zamanı simptomlar yaranıb.
Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, bir qadın Parisdə təcrid olunub və onun vəziyyəti pisləşir. Bununla yanaşı, 22 təmas halı müəyyən edilib.
Fransanın baş naziri Sebastyan Lekornu İspaniyadan qayıdan beş Fransa vətəndaşının hamısı əlavə göstəriş verilənədək dərhal ciddi təcrid altına alınacağını bildirmişdi.
Almaniya
Almaniyanın səhiyyə rəsmiləri mayın 11-ə bildiriblər ki, gecə ərzində ölkəyə gələn dörd nəfər Frankfurt Universitet Xəstəxanasının təcrid bölməsində nəzarətdə saxlanılıb.
Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, hazırda simptom göstərməyən bu dörd nəfər Berlin, Baden-Vürtemberq, Bavariya və Şlezviq-Holşteyndəki evlərinə köçürülür.
Kanada
Ölkə rəsmilərin bildirdiyinə görə, ümumilikdə gəmidə altı kanadalı olub. Onlardan dördü mayın 10-da Tenerifedən çarter reysi ilə Britaniya Kolumbiyasına qayıdıb.
Onlarda heç bir simptom müşahidə olunmayıb, lakin ehtiyat tədbiri olaraq ən azı 21 gün özlərini təcrid edəcəklər. Kanada İctimai Səhiyyə Agentliyi bildirib ki, hantavirusun inkubasiya dövrünə görə bu müddət 42 günə qədər uzadıla bilər.
Simptomların ortaya çıxması bir həftədən səkkiz həftəyədək vaxt apara bilər.
Digər iki kanadalı — bir cütlük Ontariodakı evlərində özlərini təcrid edirlər. Səhiyyə naziri Silviya Cons mayın 11-də bildirib ki, onların heç birində simptom inkişaf etməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




