Ukrayna səfiri: Energetika və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir
22 Yanvar 2026 11:35   Paylaş

Ukrayna Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir.

"Stabil.az"ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev ölkəsinin Birlik Günü münasibətilə yazdığı məqalədə qeyd edib.

O bildirib ki, bu tərəfdaşlıq qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn əsas prinsiplərinə sədaqət üzərində qurulub.

Səfir vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və mühüm humanitar yardımlar göstərir: “Prezident İlham Əliyevin göstərişi ilə bu həftə Ukraynaya növbəti humanitar yardım partiyası göndərildi. Bu yardım çərçivəsində güclü generatorlar, transformatorlar, elektrik kabelləri və aşağı gərginlikli panellər daxildir. Biz Azərbaycan rəhbərliyinə və xalqına çətin dövrdə göstərdikləri həmrəylik və dəstək, həmçinin zərər çəkmiş regionlardan olan uşaqlar üçün sağlamlaşdırma və reabilitasiya proqramına, İrpin şəhərində sosial obyektlərin bərpasına, dərman vasitələrinin, ərzaq məhsullarının, yanacağın və Ukraynanın kritik enerji infrastrukturunun bərpası üçün zəruri avadanlıqların tədarükünə görə səmimi minnətdarlığımızı bildiririk”.

Husyev əlavə edib ki, Ukrayna da Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Səfir energetika sahəsində əməkdaşlığın gündəlikdə xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib: “2025-ci ildə SOCAR və “Naftoqaz Ukrayna” arasında Türkiyə, Bolqarıstan və Rumıniya ərazisindən keçməklə Azərbaycan təbii qazının pilot tədarükü müqaviləsinin imzalanması Ukrayna üçün enerji təchizatının şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Ukrayna energetika, logistika, enerji resurslarının nəqli, bərpa olunan enerji mənbələrinin inkişafı və infrastrukturun modernləşdirilməsi sahələrində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini davam etdirməkdə maraqlıdır”.

O qeyd edib ki, Ukrayna və Azərbaycan arasındakı strateji tərəfdaşlıq Qara dəniz–Xəzər regionunda təhlükəsizlik, sabitlik və inkişafın təmin edilməsində mühüm rol oynayır. Dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində fəal fəaliyyəti və bir-birinə göstərdikləri dəstək, Ukrayna–Azərbaycan münasibətlərinin strateji xarakterini və beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin müdafiəsinə yönəlmiş olduğunu təsdiqləyir.

Səfir əlavə edib ki, Ukrayna 2026-cı ildə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə, energetika, nəqliyyat və logistika, investisiya cəlb edilməsi, səhiyyə, təhsil və mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsinə sadiqdir: “Biz əminik ki, Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının inkişafı regional təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi artıma və suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə əsaslanan ədalətli sülhün bərqərar olmasına töhfə verəcək”.

Qeyd edək ki, Ukrayna yanvarın 22-də Birlik Gününü qeyd edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol