Türkiyənin ötən ilki turizm göstəriciləri rekordla yadda qalıb
Türkiyə 2025-ci il üzrə turizm göstəricilərini açıqlayıb. Açıqlanan rəqəmlər ölkənin turizm tarixində rekord nəticə kimi qiymətləndirilir. Belə ki, ötən il Türkiyəyə 64 milyon turist səfər edib, turizm sahəsindən əldə olunan gəlirlər isə 65 milyard 231 milyon ABŞ dollarına yüksəlib.
"Stabil.az" xəbər verir ki, məlumatı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb. Nazir bildirib ki, əldə olunan nəticələr ölkənin turizm sektorunda davamlı artımın və beynəlxalq bazarda mövqelərinin daha da gücləndiyinin göstəricisidir.
Nazir Ersoy bildirib ki, “2026-cı il üçün hədəfimiz 68 milyard ABŞ dolları turizm gəliridir”.
Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) məlumatlarına istinad edən Mehmet Nuri Ersoy vurğulayıb ki, Türkiyə turizmi artıq təkcə regional deyil, qlobal miqyasda da güclü oyunçuya çevrilib. Onun sözlərinə görə, 2017-ci ildə dünyada ən çox turist qəbul edən ölkələr arasında 8-ci pillədə qərarlaşan Türkiyə, 2024-cü ilə qədər 4-cü yerə yüksəlib. Turizm gəlirləri baxımından isə Türkiyə 2017-ci ildə 15-ci sırada olduğu halda, 2024-cü ildə 7-ci pilləyə qalxıb. Nazir 2026-cı il üçün 68 milyard ABŞ dolları gəlir hədəfinin müəyyən edildiyini də açıqlayıb.
Ersoy bildirib ki, Türkiyənin ən böyük 3 turizm bazarını Rusiya Federasiyası (6,90 milyon), Almaniya (6,75 milyon) və Böyük Britaniyadan (4,27 milyon) olan turistlər təşkil edib.
O həmçinin əlavə edib ki, “Gələcək üçün İrs” vizyonu və Gecə Muzeyləri layihələri dünyada yalnız məhdud sayda ölkənin həyata keçirə bildiyi uğurlu təşəbbüslər sırasındadır və bu sahədə Türkiyə ən uğurlu nümunələrdən birinə çevrilib.
Təqdimat strategiyasında tətbiq edilən “mini-serial” modelinin də qlobal miqyasda böyük uğur qazandığını vurğulayan Mehmet Nuri Ersoy qeyd edib ki, “An Istanbul Story” adlı serialın cəmi bir bölümü 32 milyon baxış toplayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





