Türkiyə və Yunanıstan arasında yüksəksəviyyəli danışıqlar keçiriləcək
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis fevralın 11-də Türkiyəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
"Stabil.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin sədrliyi ilə Türkiyə–Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasının keçirilməsi nəzərdə tutulur.
Danışıqlardan sonra bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin hazırkı 6,6 milyard dollardan illik 10 milyard dollara çatdırılmasına hazır olduqlarını bəyan ediblər.
Türkiyə mediasının məlumatına görə, yüksəksəviyyəli görüşlərdə geosiyasi proseslər, o cümlədən NATO missiyalarına töhfələr və Avropa təhlükəsizliyinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olacaq.
Qeyd olunur ki, Ankara ilə Afina arasında münasibətlər son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu proses Egey və Aralıq dənizi bölgələrində etimadın möhkəmləndirilməsinə dair qarşılıqlı bəyanatlarda da öz əksini tapıb. Xüsusilə, Afina Türkiyə vətəndaşlarına Egey dənizində yerləşən Yunan adalarına qısamüddətli səfərlər üçün viza verilməsi ilə bağlı qərar qəbul edib.
Türkiyə–Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının əvvəlki iclası 2023-cü ilin sonunda Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Afinada keçirilib. Müsbət gündəm Yunanıstan Baş nazirinin 2024-cü ildə Türkiyəyə səfəri ilə davam etdirilib.
Hər iki ölkənin liderləri, həmçinin BMT və NATO da daxil olmaqla beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşlər keçiriblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





