Trampla Putin nələri müzakirə edib?
30 Aprel 2026 15:59   Paylaş

Məlum olduğu kimi, aprelin 29-da Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trump arasında telefon danışığı baş tutub.

"Stabil.az"ın məlumatına görə, iki liderin danışıqları bir saat yarımdan çox davam edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, dövlət başçılarının söhbəti “dostyana ruhda aparılıb, açıq və işgüzar olub”.

Donald Tramp da öz növbəsində söhbəti müsbət qiymətləndirib və “Bizim çox yaxşı söhbətimiz oldu” şərhini verib.

Bəs Rusiya və ABŞ lideri sözügedən söhbət zamanı əsas olaraq hansı mövzuları müzakirə edib?

Ukraynada münaqişə

Beləlikə, söhbət zamanı Putin Trampın xahişi ilə təmas xəttindəki vəziyyəti xarakterizə edib. Uşakov bildirib ki, Rusiya qoşunları strateji təşəbbüsü saxlayır və “düşmənin mövqelərini sıxışdırır”. Rusiya lideri söhbət zamanı qeyd edib ki, 2025-ci ilin əvvəlindən Moskva Kiyevə 20 mindən çox həlak olmuş şəxsin cəsədini təhvil verib, əvəzində isə 500-dən çox cəsəd alıb.

Uşakovun sözlərinə görə, Putin Trampla söhbətində hərbi əməliyyatın məqsədlərinə çatılacağını təsdiqləyib. Bununla yanaşı, o qeyd edib ki, Moskva bunun danışıqlar prosesi nəticəsində baş verməsinə üstünlük verərdi.
Tramp isə Rusiyanın bir müddət əvvəl elan etdiyi Pasxa atəşkəsini müsbət qiymətləndirib, Putin isə ona Qələbə Günü dövründə atəşkəs elan etməyə hazır olduğunu bildirib. ABŞ prezidenti bu təşəbbüsü fəal şəkildə dəstəkləyib və qeyd edib ki, bu bayram “İkinci dünya müharibəsində nasizm üzərində ümumi qələbəmizi simvolizə edir”.

ABŞ lideri də telefon danışığını şərh edərkən Ukrayna münaqişəsinin müzakirə olunduğunu təsdiqləyib. “Mən Ukrayna barədə və bir qədər də İran haqqında danışdım. Bir neçə fərqli mövzuya toxundum, amma əsasən söhbət Ukrayna barədə idi”, — deyə Tramp bildirib.

O bəyan edib ki, Putin “çoxdan razılaşma bağlamağa hazır idi”. “Məncə, ‘bəzi insanlar’ ona razılaşma bağlamağı çətinləşdirdi”, — deyə o bildirib və əlavə edib ki, Rusiya prezidenti “Ukrayna üzrə həll yolu görmək istəyir. Hansı müharibə daha tez başa çatacaq? Bilmirəm. Ola bilsin ki, onların müddətləri oxşardır. Düşünürəm ki, Ukrayna hərbi baxımdan məğlub olub. Saxta xəbərləri oxuyaraq bunu bilməzsiniz”, — deyə o jurnalistlərə bildirib.

İrandakı müharibə

Beynəlxalq gündəliyə aid olan məsələlər arasında Putin və Tramp İran ətrafındakı vəziyyətə və Fars körfəzindəki duruma diqqət yetiriblər. “Vladimir Putin Donald Trampın İrana münasibətdə atəşkəs rejimini uzatmaq qərarını düzgün hesab edir ki, bu da danışıqlara şans verməli və ümumilikdə vəziyyətin sabitləşməsinə kömək etməlidir”, — deyə Uşakov bildirib.

Onun sözlərinə görə, Putin ABŞ və İsrail tərəfindən İrana qarşı güc tətbiqinin bərpa olunacağı təqdirdə qaçılmaz və son dərəcə ağır nəticələrə diqqət çəkib. “Və əlbəttə ki, İran ərazisində quru əməliyyatı variantı tamamilə qəbuledilməz və təhlükəli görünür”, — deyə Rusiya dövlət başçısının köməkçisi bildirib və Moskvanın böhranın diplomatik yolla həllinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Uşakovun sözlərinə görə, Rusiya İranın nüvə proqramı ətrafındakı vəziyyətin tənzimlənməsi üçün bir sıra təşəbbüslər irəli sürüb.

Trampa qarşı sui-qəsd cəhdi

Söhbət zamanı həmçinin Putin Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı dəstək sözləri ifadə edib. “Xoşbəxtlikdən nə Donald Trampın özü, nə onun həyat yoldaşı, nə də ətrafından heç kim xəsarət almayıb. Cinayətkar isə mühafizə xidməti tərəfindən operativ şəkildə zərərsizləşdirilib”, - deyə Uşakov xatırladıb.

Xatırladaq ki, aprelin 26-da “Washington Hilton” hotelində Trampın Jurnalistlər Assosiasiyası ilə illik şam yeməyi zamanı atışma baş verib. Tədbirdə ABŞ-ın birinci xanımı Melania Tramp və vitse-prezident Ceyms Devid Vens də iştirak edirdi. İnsident zamanı mühafizə xidmətinin bir əməkdaşı yaralanıb. Atəş açan şəxs isə hadisə yerində saxlanılıb. Onun Cole Allen adlı müəllim olduğu müəyyən edilib.

“CBS News” mənbələrə istinadən bildirib ki, o, hüquq-mühafizə orqanlarına Tramp administrasiyasının rəsmilərini güllələmək istədiyini etiraf edib. Ona prezidentə qarşı sui-qəsd cəhdində ittiham irəli sürülüb. O, bundan əvvəl də Trampın siyasətinə etiraz olaraq təşkil edilən “No Kings” aksiyalarında iştirak edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol