Tramp və ABŞ Ali Məhkəməsinin qərarları nələrə səbəb ola bilər?
ABŞ Prezidenti Donald Tramp dünyanın bütün ölkələrindən idxal edilən məhsullara 10% həcmində rüsumların tətbiqini nəzərdə tutan fərman imzaladığını açıqlayıb.
“Stabil.az”ın məlumatına görə, o bu addımı ABŞ Ali Məhkəməsinin qərarından sonra atıb. Belə ki, fevralın 20-də ölkənin Ali Məhkəməsi 1977-ci ildə qəbul edilmiş “Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında” Qanunun (IEEPA) dövlət başçısına idxal mallarına belə rüsumlar tətbiq etmək səlahiyyəti vermədiyi qənaətinə gəlib.
Məhkəmənin qərarına əsasən, Tramp ABŞ-nin onlarla ticarət tərəfdaşına, o cümlədən Avropa İttifaqı ölkələrinə qarşı genişmiqyaslı rüsumlar tətbiq edərkən və fövqəladə vəziyyət haqqında qanuna istinad edərkən prezident səlahiyyətlərini aşıb.
Qərarla ABŞ lideri tərəfindən tətbiq olunan tariflərin böyük əksəriyyəti qanunsuz hesab edilib. Buraya demək olar ki, dünyanın bütün ölkələrindən idxala tətbiq olunan “qarşılıqlı” rüsumlar, eləcə də Kanada, Meksika və Çin mallarına tətbiq edilən 25 faizlik rüsumlar daxildir.
D.Tramp isə daha əvvəl xəbərdarlıq etmişdi ki, ABŞ Ali Məhkəməsi Ağ Evin tətbiq etdiyi bir çox rüsumları qanunsuz hesab etdikdən sonra belə bir qərar verəcək və dediyi kimi də etdi. Trampın sözlərinə görə, bunun üçün 1974-cü il Ticarət Qanununun müddəalarından birindən istifadə edəcək. Həmin müddəaya əsasən, prezident belə rüsumları yalnız müvəqqəti, yəni 150 gün müddətinə tətbiq etmək hüququna malikdir. Bu tədbirlərin qüvvədə saxlanılması üçün sonradan artıq ABŞ Konqresinin razılığı tələb olunur.

Ağ Ev isə öz növbəsində 10 faiz həcmində yeni rüsumlar barədə qərarın fevralın 24-dən qüvvəyə minəcəyini açıqlayıb. Bununla belə, sənəddə bir sıra istisnaların da nəzərdə tutulduğu vurğulanıb. Qeyd olunur ki, bu qərar Amerika iqtisadiyyatı üçün zəruri hesab edilən bir sıra mallara şamil olunmayacaq.
Burada söhbət xüsusilə nadir torpaq elementlərindən və bəzi digər metallardan, eləcə də həmin məhsullar “ABŞ-də kifayət qədər həcmdə hasil və ya istehsal edilə bilmədiyi” hallarda enerji daşıyıcılarından gedir.
Rüsumlar kənd təsərrüfatı məhsullarının bir hissəsinə də tətbiq edilməyəcək. Xüsusilə, mal əti, portağal və pomidor istisna olunacaq. Dərman preparatları və onların istehsalı üçün komponentlər, bəzi elektronika növləri və müəyyən kateqoriyadan olan nəqliyyat vasitələri əlavə rüsumdan azad ediləcək.
Eyni zamanda, rüsumlar kitablar və aerokosmik sənaye üçün məhsullara da şamil olunmayacaq.
ABŞ Ali Məhkəməsinin qərarı Donald Trampın ticarət siyasəti üzrə prezident səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Hakimlər qeyd ediblər ki, vergi və rüsumların tətbiqi hüququ yalnız Konqresə məxsusdur. Fövqəladə vəziyyət haqqında qanun prezidentə böhran şəraitində xarici ticarəti tənzimləməyə imkan verir, lakin tariflər müəyyən etmək səlahiyyəti vermir.

Qərb ekspertləri hesab edirlər ki, qəbul olunmuş məhkəmə qərarı ABŞ-nin əsas ticarət tərəfdaşları ilə dialoqda danışıqlar mövqelərini əhəmiyyətli dərəcədə zəiflədir. Bir sıra dövlətlər artıq yaranmış vəziyyətdən Vaşinqtona təzyiqi artırmaq üçün istifadə etmək imkanı əldə edir. Onların sırasına isə Çin, Kanada, Böyük Britaniya, eləcə də Avropa İttifaqı ölkələri daxildir.
Analitiklərin qiymətləndirməsinə görə, Tramp tərəfindən tətbiq edilən tarif tədbirlərinin ləğvi qlobal təchizat zəncirlərinin yenidən qurulmasına gətirib çıxara və ABŞ-də inflyasiya proseslərinə təsir göstərə bilər. Bununla yanaşı, uzunmüddətli perspektivdə bu məhkəmə qərarı ticarət gərginliyinin azalmasına və Amerika məhkəmə sisteminə etimadın bərpasına töhfə verə bilər.
Buna paralel olaraq, ABŞ prezidentinin yeni qərarı qlobal iqtisadiyyat üçün çoxşaxəli və mürəkkəb nəticələr doğura bilər. Belə bir addım təkcə ABŞ-nin ticarət tərəfdaşlarına deyil, həm də beynəlxalq ticarət sisteminin strukturuna, maliyyə bazarlarına, təchizat zəncirlərinə və geosiyasi münasibətlərə ciddi təsir göstərə bilər.
Aydın məsələdir ki, ABŞ dünya iqtisadiyyatının ən böyük istehlak bazarlarından biridir. Buna görə də ABŞ-yə ixrac edən ölkələr, istər inkişaf etmiş Avropa dövlətləri, istərsə də inkişaf etməkdə olan iqtisadiyyatlar birbaşa təsirin hədəfindədir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




