Tramp-Merts qarşıdurması: ABŞ hərbçilərini Almaniyadan niyə çıxarır?
ABŞ Müdafiə Nazirliyi Almaniyadan 5000 amerikalı hərbçini çıxarmağı planlaşdırdığını açıqlayıb.
“Stabil.az”ın məlumatına görə, Pentaqon nümayəndəsi Şon Parnell bildirib ki, Amerika qoşunlarının çıxarılması barədə əmr ABŞ müdafiə naziri Pit Heqset tərəfindən verilib.
“Bu qərar Müdafiə Nazirliyinin Avropadakı qoşunlarının dislokasiyasının hərtərəfli təhlilindən sonra qəbul edilib. Qoşunların çıxarılması prosesinin növbəti altı-on iki ay ərzində tamamlanacağını gözləyirik”, — deyə Parnell əlavə edib.
Pentaqon sözügedən qərarı ABŞ Prezidenti Donald Tramp və Almaniya Kansleri Fridrix Merts arasında İranla müharibə ətrafında yaranmış mübahisə fonunda verib.
Belə ki, bir neçə gün əvvəl Fridrix Merts universitet tələbələri ilə görüşdə bildirib ki, “amerikalıların İranda aydın strategiyası yoxdur” və o, onların hansı “strateji çıxış yolu” seçə biləcəyini görmür.
“İranlılar, görünür, danışıqları çox ustalıqla aparırlar, daha doğrusu, danışıqları aparmamağı çox ustalıqla bacarırlar — amerikalılara İslamabada gəlməyə, sonra isə heç bir nəticə olmadan geri qayıtmağa imkan verirlər”, — deyə Almaniya kansleri bildirib.

O əlavə edib ki, “bütün millət” İran rəhbərliyi tərəfindən “alçaldılmaya” məruz qalır.
Donald Tramp isə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edərək kanslerə cavab verib və bildirib ki, Merts “İranın nüvə silahına malik olmasını normal hesab edir” və “nədən danışdığını bilmir”.
“Almaniyada işlərin niyə bu qədər pis getdiyi təəccüblü deyil — həm iqtisadi baxımdan, həm də bütün digər sahələrdə!”, — deyə ABŞ prezidenti yazıb.
Qeyd edək ki, ötən ilin dekabr ayına olan məlumata görə, Almaniyadakı bazalarda 36 mindən çox ABŞ hərbçisi yerləşdirilmişdi — bu, Avropadakı ən böyük Amerika kontingentidir.
Onların bir çoxu Almaniyanın cənub-qərbində Kayzerslautern şəhəri yaxınlığında yerləşən “Ramştayn” aviabazasında yerləşdirilib.
Bu hadisələr fonunda Tramp həmçinin ABŞ qoşunlarının İtaliya və İspaniyadan çıxarılması imkanını da nəzərdən keçirdiyini bildirib.
NATO alyansının uzunmüddətli tənqidçisi olan Tramp yaxın vaxtlarda müttəfiqləri Hörmüz boğazında fəaliyyətin bərpası əməliyyatlarında iştirak etməkdən imtina etdiklərinə görə qınamışdı.
Jurnalistlər Trampdan ABŞ-ın NATO üzrə müttəfiqləri olan İtaliya və İspaniyadan da qoşunların çıxarılması imkanını nəzərdən keçirib-keçirməyəcəyini soruşduqda, ABŞ lideri belə cavab verib: “Yəqin ki, baxaram - niyə də yox?”
“İtaliya bizə heç bir kömək etmədi, İspaniya isə dəhşətli davrandı”, — deyə o, həmin ölkələrin İranla müharibəyə reaksiyalarını tənqid edərək əlavə edib.
“Bütün hallarda onlar deyirdilər: ‘Mən qarışmaq istəmirəm’”, — deyə Tramp bildirib.
Onu da bildirək ki, İtaliyada təxminən 12 min, Böyük Britaniyada isə 10 min ABŞ hərbçisi yerləşdirilib. 2020-ci ildə Almaniyadan 12 min ABŞ hərbçisinin ya Avropadakı digər NATO ölkələrinə, ya da ABŞ-a köçürülməsi ilə bağlı təklif Konqres tərəfindən bloklanmış, daha sonra isə prezident Co Bayden tərəfindən ləğv edilmişdi.
Həmin vaxt Tramp Almaniyanı “ədalətsiz davranmaqda” ittiham edirdi, çünki onun hərbi xərcləri NATO-nun ÜDM-in 2%-i hədəfindən xeyli aşağı idi.
Lakin Merts hökuməti dövründə vəziyyət kəskin şəkildə dəyişib.
Proqnozlara görə, Almaniya 2027-ci ildə müdafiəyə 105,8 milyard avro xərcləyəcək və gələn il ümumi müdafiə xərcləri ÜDM-in 3,1%-nə çatmalıdır.
Bəs Almaniya ABŞ hərbçilərinin ölkəni tərk etməsinə hazırdır?
“Spiegel” jurnalı qeyd edir ki, hadisələrin belə inkişafı respublika üçün mənfi nəticələrə gətirib çıxara bilər, çünki Amerika bazaları yerləşdikləri regionlar üçün mühüm iqtisadi amilə çevrilib, xüsusilə Reynland-Pfalts, Baden-Vürtemberq və Bavariyada. Belə ki, həmin ərazilərdə minlərlə alman həmin bazaların xidmətində çalışır.
“Tagesspiegel” qəzetinə danışan ekspertlər hesab edirlər ki, ABŞ qoşunlarının Almaniyadan çıxarılması ABŞ-ın özünün potensial zəifləməsinə gətirib çıxara bilər. Burada əsas diqqəti Avropada ABŞ Hərbi Hava Qüvvələrinin mərkəzi sayılan Ramştayn aviabazası çəkir. Burada silahlar, təyyarələr və pilotsuz uçuş aparatları idarə olunur və xidmət göstərilir, həmçinin qoşunların hərəkəti təşkil edilir. 2021-ci ilin avqustunda ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra bazada 30 mindən çox insan yerləşdirilmişdi. Beləliklə, Ramştayn ABŞ komandanlığının genişmiqyaslı əməliyyatları, xüsusilə Yaxın Şərqdəki əməliyyatlar üçün xüsusi əhəmiyyət daşıyır.

“Almaniyadakı 36 min amerikalı əsgər ilk növbədə ABŞ maraqlarına xidmət edir: Landştulda böyük hospital, Ramştayn strateji mərkəzi, Qrafenver hərbi təlim mərkəzi. Bu yerlər Almaniyanın müdafiəsini təmin etməkdən daha çox, digər məsələlərlə yanaşı, ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarını və qlobal güc nümayişini dəstəkləyir”, — deyə hərbi ekspert Niko Lange diqqətə çatdırıb.
Potsdam Universitetinin alman tarixçisi, ştatdankənar professoru Kristian Müller isə əmindir ki, Almaniya və ölkə hökuməti ABŞ qoşunlarının çıxarılmasına hazır deyil. “Məsələ təkcə amerikalı əsgərlərin sayında deyil. Daha vacib olan odur ki, ABŞ qoşunlarının Almaniyadan tam çıxarılması, ehtimal ki, mövcud nüvə əməkdaşlığı formasını şübhə altına alacaq. Fransa və Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində Avropa səviyyəsində nüvə çəkindirmə potensialının yaradılması variantları nəzərdən keçirilsə də, yaxın gələcəkdə bunun niyyət bəyanatlarından kənara çıxacağı şübhəlidir”, — deyə o bildirib.
Müllerin fikrincə, NATO üçün ABŞ prezidentinin bu bəyanatı Amerikanın alyansa sadiqliyi və ümumilikdə NATO-nun transatlantik struktur kimi gələcək mövcudluğu ilə bağlı şübhələrin artmağa davam edəcəyi anlamına gəlir. “Almaniya və Bundesver yaxın gələcəkdə bunu kompensasiya edə bilməyəcək. Bundesverin “Avropanın ən güclü ordusu” olmaq niyyəti barədə bəyanat mənə qeyri-real görünür. 2022-ci ilin “dönüş nöqtəsi”ndən dörd il keçməsinə baxmayaraq, Bundesverdə yalnız bəzi cüzi irəliləyişlər olub və hazırda satınalma layihələri üçün əhəmiyyətli vəsaitlər səfərbər edilir. Lakin texnika və kadrlarla bağlı fundamental problemlər qalmaqdadır”, — deyə ekspert qeyd edir. Onun sözlərinə görə, Polşanın da Avropa İttifaqında ən güclü ordu yaratmağa çalışdığını nəzərə alsaq, Almaniyanın oxşar məqsədləri Varşavada və digər Avropa paytaxtlarında böyük həvəslə qarşılanmayacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




