Təhlükəsizlik səbəbi ilə Ekvador Kolumbiya mallarına rüsumları 100 % artıracaq
Ekvador sərhəd bölgəsindəki təhlükəsizlik problemlərinə görə Kolumbiyadan idxal edilən mallara tətbiq olunan rüsumları 50 %-dən 100 %-ə yüksəldəcək.
"Stabil.az"ın xəbərinə görə, bu barədə Ekvadorun İstehsalat, Xarici Ticarət və İnvestisiya Nazirliyi məlumat verib.
"Kolumbiya tərəfindən sərhəd təhlükəsizliyini təmin etmək üçün konkret və effektiv tədbirlərin olmaması səbəbindən Ekvador suveren tədbirlər görməyə məcburdur. Mayın 1-dən etibarən Kolumbiyadan idxal edilən mallara təhlükəsizlik rüsumunun 50 %-dən 100%-ə qədər artırılması qüvvəyə minəcək", - bəyanatda deyilir.
Qeyd olunur ki, Ekvador Prezidenti Daniel Noboa əvvəllər qonşu ölkəni sərhəd bölgələrində fəaliyyət göstərən cinayətkar qruplarla kifayət qədər mübarizə aparmamaqda ittiham edərək, Kolumbiyadan idxala 30 % rüsumun tətbiq olunduğunu bildirib.
Kolumbiya daha sonra cavab tədbirləri tətbiq edib və bu da Ekvadoru 1 martdan etibarən rüsumları 50 %-ə qaldırmağa vadar edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





