Tahir Budaqov Vyetnam Kommunist Partiyasının Baş katibi ilə görüşüb
Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam ilə görüşüb.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanıb. Həmçinin xalqlarımız arasındakı dostluq əlaqələrinin SSRİ dönəmindən formalaşdığı, Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyət daşıdığı qeyd edilib.
To Lam ötən ilin may ayında ölkəmizə etdiyi səfəri xatırladaraq, Azərbaycan Prezidenti və YAP Sədri İlham Əliyevi Vyetnamda səbirsizliklə gözlədiklərini bildirib. Baş katib strateji tərəfdaşlığın qurulması haqqında qəbul edilmiş Birgə Bəyanatın iki ölkə arasında münasibətləri yeni inkişaf mərhələsinə yüksəltdiyini diqqətə çatdırıb.
Tahir Budaqov To Lamı Vyetnam Kommunist Partiyasının 14-cü qurultayının uğurla başa çatması və yenidən Baş katib seçilməsi münasibətilə təbrik edib. O, liderlər arasındakı şəxsi dostluğun Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edərək, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən statistika qurumları üzrə əməkdaşlığın genişləndirilməsinin diqqət mərkəzində olduğunu vurğulayıb.
Görüş zamanı hakim siyasi partiyalar arasında əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinə töhfəsi və 2023-cü ildə imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin uğurla həyata keçirildiyi qeyd olunub.
Səfər çərçivəsində Tahir Budaqov Vyetnam xarici işlər nazirinin müavini Nquyen Minh Vu ilə də görüşərək iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





