Süni intellektlə hazırlanan materiallara dair yeni hüquqi məhdudiyyətlər qəbul edilib
21 Aprel 2026 16:49   Paylaş

Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd layihəsi parlamentin aprelin 21-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihə süni intellekt texnologiyalarından istifadə edilməklə reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və yayılması ilə bağlı hüquqi çərçivənin formalaşdırılması məqsədi daşıyır. Həmin halların qarşısının alınması məqsədilə qanunda müvafiq hüquqi məsuliyyət mexanizmlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Qanun layihəsində Cinayət Məcəlləsinə yeni maddələrin əlavə edilməsi təklif olunur. Yeni maddələrə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır. Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik edilərək cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma müəyyən edilir.

Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara edilən dəyişikliklərlə süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması ilə bağlı əlavə hüquqi tələblər və məhdudiyyətlər müəyyən olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol