Süni intellektdən istifadənin genişlənməsi digər sahələrə necə təsir edir?
24 Fevral 2026 13:56   Paylaş

Son həftələr qlobal bazarlar süni intellektdən istifadənin genişlənməsi fonunda investorların ehtiyatları səbəbindən kəskin dalğalanmalara məruz qalıb. Belə ki, süni intellektin insan əməyini effektiv şəkildə əvəz edə biləcəyi ilə bağlı narahatlıqlar artır və bu, iqtisadi şirkətlərin, daşınmaz əmlak üzrə konsaltinq firmalarının, sənaye müəssisələrinin səhmlərinin kütləvi satışına gətirib çıxarır. Panika eyni zamanda kriptovalyutaların satışını da sürətləndirib və dolların gələcək taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

“Stabil.az"ın məlumatına görə, son bir neçə həftə ərzində qlobal investorlar süni intellektin yayılmasından zərər görə biləcək ənənəvi iqtisadiyyat sahələrinin səhmlərini panika ilə satırlar. Ötən həftə satış dalğası əsas fond indekslərinə, yəni “S&P 500”, “Nasdaq-100” və “Dow Jones Industrial Average”də təsir edib. Bu sahə üzrə enişlə üzləşən əsas oyunçular isə texnologiya şirkətləri olub.

Beləliklə, hazırda qlobal bazarda “süni intellekt qurbanları”nın siyahısı daim genişlənir. Son zərər çəkənlərdən biri isə logistika sektorudur. “Russell 3000 Trucking” indeksi fevralın 12-də demək olar ki, 7% ucuzlaşıb. Buna əvvəllər karaoke sistemlərinin istehsalı və ixracı ilə məşğul olan, daha sonra logistika sahəsinə keçən 6 milyon dollarlıq “Algorhythm Holdings” şirkətinin açıqlaması səbəb olub. Şirkət bildirib ki, onun platforması işçi sayını artırmadan yükdaşıma həcmini genişləndirməyə imkan verir.

Bəs kimlər risk altındadır?

Qlobal satışlar süni intellektin insanları əvəz edə biləcəyi ilə bağlı davamlı qorxular fonunda baş verir. İlk zərbə “ağ yaxalı”lara - ofis işçilərinə, inzibati heyətə, kassirlərə və müştəri dəstəyi əməkdaşlarına vurulur. ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, bu vəzifələr 2034-cü ilə qədər maksimum dərəcədə ixtisar oluna bilər.

“Microsoft”un ötən il apardığı araşdırma da oxşar nəticəyə gəlib: veb tərtibatçıları, tərcüməçilər, yazıçılar, jurnalistlər, marketoloqlar və dəstək mütəxəssisləri risk altındadır, çünki onların işi asanlıqla rəqəmsallaşdırıla və avtomatlaşdırıla bilər.

“Goldman Sachs”in hesablamalarına görə, ABŞ-da əhalinin təxminən 6-7%-i süni intellektin yayılması səbəbindən işini itirə bilər. “Amazon”, “Palantir Technologies” və “Klarna” kimi şirkətlər artıq süni intellekt səbəbilə iş yerlərini ixtisar ediblər. “Microsoft” özü də eyni addımları atır.

Analitiklər qeyd edirlər ki, xərclərin azalması mənfəəti və dividendləri artıra bilər, lakin eyni zamanda istehlak xərclərinin azalması digər sektorlar üçün risk yarada bilər.

“Freedom Finance Global”ın analitiki hesab edir ki, bu risklər ən tez 2030-cu ildən sonra reallaşa bilər. Hazırda investorlar üçün süni intellektin ənənəvi sahələri dağıtmasından daha aktual qorxu “süni intellekt köpüyü”dür.

“Seeking Alpha” şirkətinin analitiki Damir Tokiç hesab edir ki, süni intellekt ilə insanın sıxışdırılması qorxusu ilə aparılan emosional ticarət bazarda “süni intellekt köpüyü”nün partlamasının ikinci mərhələsidir. Birinci mərhələ kredit hesabına infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı idi. O, ötən ilin sentyabrında “Oracle”ın hesabatını buna nümunə göstərir. Belə ki, hesabatdan məlum oldu ki, şirkət süni intellekt istiqamətini inkişaf etdirmək üçün borc vəsaitlərinə ehtiyac duyur.

Tokiçin fikrincə, hazırda köpük sönməkdə davam edir və üçüncü mərhələdə süni intellekt həqiqətən işsizliyin və resessiyanın artmasına səbəb ola bilər. Hələlik bu mərhələ başlamayıb, lakin o, gələcəkdə bazar çöküşü proqnozlaşdırır.

Avropalı broker “Mind Money”nin rəhbəri isə bununla razı deyil və hesab edir ki, monetar hakimiyyətlər əsas indekslər üçün təhlükə yaranarsa, bazar çöküşünə imkan verməyəcək. Onun fikrincə, indiki satışlar daha çox emosional reaksiyadır və fundamental əsaslara söykənmir.

Analitiklərin sözlərinə görə, investorlar iki əks ssenaridən qorxurlar: süni intellektin gözləniləndən az gəlirli olması və ya əksinə, mövcud biznes modellərini dağıdacaq qədər effektiv olması. Əslində, investorlar süni intellektin özündən deyil, onun əsas benefisiarlarının kim olacağından və yatırılan kapitalın davamlı gəlir gətirməyə nə vaxt başlayacağından narahatdırlar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol