Sudanın cənubunda mədən qəzası: ölənlər var
29 Yanvar 2026 16:28   Paylaş

Sudanın cənubunda yerləşən qızıl mədənində baş verən çökmə nəticəsində 13 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

"Stabil.az" yerli mediaya istinadla xəbər verir ki, hadisə Cənubi Kordofan əyalətindəki Umm Fakrun qızıl mədənində qeydə alınıb. Məlumata görə, çökmə tərk edilmiş və istismardan çıxarılmış beş şaxtada baş verib.

Sudan Mədən Resursları Şirkətinin açıqlamasında bildirilir ki, həmin şaxtalar rəsmi olaraq bağlanıb, lakin buna baxmayaraq, bəzi mədənçilər qanunsuz şəkildə bu ərazilərdə fəaliyyət göstəriblər.

Qeyd olunur ki, 2013-cü ilin aprelində ordu ilə Çevik Dəstək Qüvvələri arasında başlayan müharibə Sudanın iqtisadiyyatına ciddi zərbə vurub və genişmiqyaslı işsizlik yaradıb. Bu vəziyyət bir çox insanı qeyri-qanuni mədən fəaliyyətlərinə yönəldib.

Buna baxmayaraq, Sudan Mədən Resursları Şirkətinin məlumatına əsasən, ölkədə 2015-ci ildə rekord həcmdə — 70 ton qızıl hasil edilib ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Lakin hasil edilən qızılın böyük hissəsi qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılır. Maliyyə naziri Cibril İbrahimin açıqlamasına görə, ötən il istehsal olunan 70 ton qızılın yalnız 20 tonu rəsmi kanallar vasitəsilə ixrac edilib.

Sudan Afrikanın ən böyük qızıl istehsalçılarından biri hesab olunur. Bununla belə, mədənlərin əksəriyyətində təhlükəsizlik tədbirlərinin yetərsizliyi və təhlükəli kimyəvi maddələrdən istifadə tez-tez insan tələfatı ilə nəticələnən qəzaların baş verməsinə səbəb olur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol