SOCAR və beynəlxalq tərəfdaşlar “Abşeron” layihəsini müzakirə etdi
15 Aprel 2026 22:20   16 Apr 2026 01:42 Paylaş

SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazın və XRG-nin beynəlxalq aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadrosun iştirakı ilə görüş keçirilib.

"Stabil.az" SOCAR-a istinadən xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər, əldə olunan nəticələr, növbəti icra mərhələləri üçün nəzərdə tutulan addımlar müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Hazırda SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol