Sinqapurda Asiyanın ən iri aviasiya sərgisi fəaliyyətə başlayıb
3 Fevral 2026 15:05   Paylaş

Fevralın 3-də Sinqapurda Asiyanın ən böyük aviasiya sənayesi sərgisi işə başlayıb. Sərginin əsas məqsədi regionun aviasiya sahəsində iddialı böyümə hədəflərinə çatmasına töhfə verməkdir.

"Stabil.az" xəbər verir ki, iki ildən bir təşkil olunan Sinqapur Aviasiya Sərgisinin 10-cu buraxılışında “Airbus”, “Boeing”, “ST Engineering” kimi sənaye nəhəngləri, eləcə də pilotsuz uçuş aparatları üzrə ixtisaslaşmış inkişaf etməkdə olan müdafiə şirkətləri daxil olmaqla 1000-dən çox kompaniya iştirak edir.

Asiya-Sakit okean bölgəsi, xüsusilə Çin və Hindistanın liderliyi ilə, hava səyahətləri baxımından dünyada ən sürətlə böyüyən region hesab olunur. Proqnozlara görə, bölgədə sərnişin axını 2026-cı ilə qədər 7,3% artacaq. Bununla belə, təyyarə və mühərrik istehsalçıları donanmanın genişləndirilməsinə artan tələbatı qarşılamaq üçün çətinliklərlə üzləşirlər.

Sərgi çərçivəsində “Boeing” şirkəti “Air Cambodia” ilə 10 ədəd “737 MAX” təyyarəsinin tədarükünə dair müqavilə imzaladığını açıqlayıb. Çinin təyyarə istehsalçısı COMAC isə sərgidə ikinci dəfə iştirak edən yerli istehsal “C919” sərnişin təyyarəsi ilə diqqət çəkməyə çalışır.

“Jefferies” analitiklərinin qiymətləndirməsinə görə, 2012-ci ildən bəri Sinqapur Aviasiya Sərgisi qlobal hava sərgilərində verilən ümumi sifarişlərin yalnız 5%-ni təşkil edib ki, bu göstərici Paris, Farnboro və Dubay sərgiləri ilə müqayisədə xeyli aşağıdır. Buna baxmayaraq, tədbir qlobal hava trafikinin təxminən 35%-ni təşkil edən Asiya-Sakit okean regionunda fəaliyyət göstərən aviaşirkət rəhbərləri və istehsalçılar üçün əsas görüş platformalarından biri olaraq qalır.

“Alton Aviation Consultancy” şirkətinin sərgi ərəfəsində dərc etdiyi hesabata əsasən, Hindistan, Çin və Cənub-Şərqi Asiya 2024–2044-cü illər arasında dünyanın ən sürətlə böyüyən on hava səyahəti bazarından səkkizini təşkil edəcək.

Sərgi çərçivəsində keçirilən hava şousunda Sinqapur, İndoneziya, Hindistan, Çin, Malayziya və Avstraliya hava qüvvələrinin pilotları nümayiş uçuşları həyata keçiriblər.

Qeyd edək ki, bazar ertəsi günü Sinqapur hökuməti aprelin 1-dən tam fəaliyyətə başlayacaq Milli Kosmik Agentliyin (NSAS) yaradıldığını da elan edib. Yeni agentlik ölkənin qlobal kosmik iqtisadiyyatdakı mövqeyini gücləndirməyi hədəfləyir. Proqnozlara görə, kosmik iqtisadiyyatın həcmi 2035-ci ilə qədər 1,8 trilyon dollara çata bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol