Şimali Amerikanın ən böyük yerüstü qazma qurğularından biri Alyaskada aşdı
24 Yanvar 2026 12:38   24 Jan 2026 12:58 Paylaş

ABŞ-ın Alyaska ştatında buzlu yolla daşınma zamanı “Doyon 26” qazma qurğusu – Şimali Amerikanın ən böyük mobil yerüstü qazma qurğularından biri aşıb.

"Stabil.az” xəbər verir ki, bu barədə Alyaska qubernatoru Mayk Danlivi “X” sosial şəbəkəsində məlumat verib.

Qubernator bildirib: “Mənə ‘Doyon 26’ qazma qurğusunun daşınma zamanı aşdığı barədə məlumat verilib və mən ‘ConocoPhillips’ rəhbərliyi ilə əlaqə saxlamışam. Kiçik yanğın baş verib, lakin ilkin məlumatlara görə ətraf mühitə ziyan minimaldır, neft infrastrukturu və obyektlərə zərər dəyməyib”.

M.Danlivinin sözlərinə görə, hadisə yerinə mütəxəssislər qrupu göndərilib və hazırda qurğunun qaldırılması üçün plan hazırlanır. “Vəziyyəti qiymətləndirdikcə daha çox məlumat əldə edəcəyik”, – deyə qubernator əlavə edib.

Yerli KİV bildirir ki, hadisə yanvarın 23-ü axşam baş verib.

Qazma qurğusu 4,5 min tondan çox çəkir və sərt Arktika şəraitində uzun məsafələrdə qazma aparmaq üçün nəzərdə tutulub. “Doyon Drilling” və “ConocoPhillips” şirkətləri arasında 2011-ci ildən başlayan əməkdaşlıq nəticəsində yaradılan qurğu, 2020-ci ildə Şimal yamaca göndərilib və Kuparuk yatağının işlənməsi də daxil olmaqla bir sıra layihələrdə əsas rol oynayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol