Serbiya NASA ilə Artemis proqramında yer alacaq
18 İyul 2026 16:46   Paylaş

Serbiya NASA-nın "Artemis" kosmik proqramına qoşularaq layihədə iştirak edəcək ölkələrdən biri olub.

"Stabil.az" Serbiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Marko Curiç Vaşinqtonda NASA-nın mənzil-qərargahında bu proqrama qoşulmağı nəzərdə tutan sazişi imzalayıb.

M. Çuriç vurğulayıb ki, bu addım Serbiyanın beynəlxalq hüquqa hörmət, elmi tərəqqi və dövlətlərin kosmosun tədqiqi sahəsində birgə fəaliyyətinə sadiqliyinin təsdiqidir.

Nazir bildirib ki, "Artemis" sazişləri 1967-ci ildə qəbul edilmiş, dövlətlərin kosmosun, o cümlədən Ayın və digər səma cisimlərinin tədqiqi və istifadəsi üzrə fəaliyyətini tənzimləyən Prinsiplər haqqında Müqaviləyə, eləcə də onilliklərdir kosmosun dinc məqsədlərlə tədqiqini istiqamətləndirən beynəlxalq kosmik hüquq sisteminə əsaslanır.

XİN başçısı bəyan edib ki, Serbiya kosmik dövlət olmasa da, ölkə kosmosun tədqiqi tarixində mühüm yer tutur.

"Serbiya elmə, texnologiyaya və innovasiyalara investisiya qoymağa davam edir və "Artemis" proqramına üzvlük ölkənin elmi-tədqiqat institutları, universitetləri, şirkətləri və gənc tədqiqatçıları üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq baxımından yeni imkanlar yaradacaq", - deyə o qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol