Şarl Mişel: Azərbaycan-Ermənistan sülhü regionun iqtisadi inkişafına müsbət təsir göstərəcək
Şarl Mişelin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh regionda sabitlik və təhlükəsizliyi gücləndirməklə yanaşı iqtisadi inkişafın yaxşılaşmasına səbəb olacaq.
"Stabil.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel deyib.
O bildirib ki, sülh razılaşması ilə bağlı qərar vermək son dərəcə cəsarətli addım idi: “Mən bu sülh razılaşmasını möhkəmləndirmək üçün edilən bütün səyləri güclü şəkildə dəstəkləyirəm. Çünki düşünürəm ki, bu razılaşma regionda əlaqələrin inkişafı üçün çox güclü bir əsas olacaq, regionda iqtisadi inkişafı yaxşılaşdıracaq. Eyni zamanda, bu, daha çox sabitlik və təhlükəsizlik sayəsində insanların rifahını artıracaq, layihələrin həyata keçirilməsinə imkan verəcək”.
Şarl Mişelin sözlərinə görə, bu regionda iqtisadi layihələr və investisiyalar çox vacibdir, çünki Cənubi Qafqaz və Mərkəzi Asiya coğrafi baxımdan dünyanın müxtəlif hissələri arasında bir körpü rolunu oynayır: “Əgər konnektivlik sahəsində investisiyalar sürətləndirilsə, bu həm region üçün, həm də həmin ölkələrin vətəndaşları üçün maksimum fayda gətirə bilər. Bilirsiniz ki, əvvəlki vəzifəmdə mən həmişə dəstək verməyə və yardım göstərməyə çalışmışam. Hər iki ölkənin ikitərəfli danışıqlar və birbaşa görüşlər vasitəsilə davamlı bir razılaşmanın necə əldə edilə biləcəyini müəyyənləşdirməyə başlaması çox müsbət haldır. Ürəkdən arzu edirəm ki, bu razılaşma həyata keçirilsin, sülh prosesi möhkəmlənsin və sülhün gətirdiyi faydalar bütün regionda hiss olunsun”.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





