Rusiya LNG-si Hindistan bazarında möhkəmlənə bilər?
20 Aprel 2026 11:14   20 Apr 2026 11:16 Paylaş

2027-ci ildən qüvvəyə minəcək Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə tam embarqonu gözləyən Rusiya hazırda yeni bazarlar axtarır.

"Stabil.az"ın məlumatına görə, belə variantlardan biri Hindistandır və artıq Baltik dənizindən həmin istiqamətdə qazın ilk partiyası göndərilib.

Lakin ekspertlərin fikrincə, dünyanın ən çox əhaliyə malik ölkəsinin “ikinci Çin”ə çevrilməsi hələ çətin görünür. Belə ki, bu ölkənin idxalçıları ikinci dərəcəli sanksiyalardan ehtiyat edir və yüksək qiymət ödəməyə hazır deyillər.

Bəs hansı şərtlərlə Rusiya LNG-si Hindistan bazarında möhkəmlənə bilər, buna nə mane ola bilər və Avropanı hansı digər ölkələr əvəz edə bilər?

Qeyd edək ki, “Forbes”in məlumatına görə, ötən həftə “Qazprom LNG Portovaya” zavodundan ilk dəfə Hindistana LNG partiyası göndərilib. 138 200 m³ LNG daşıya bilən Kunpeng tankeri ölkənin qərbində yerləşən Dahəc limanına doğru hərəkət edib. Onu da bildirək ki, bu limandakı regazifikasiya terminalı 50%-i dövlətə məxsus olan Petronet LNG şirkətinə aiddir.

News about -   Rusiya LNG-si Hindistan bazarında möhkəmlənə bilər?

Eyni həftə ərzində, həmin “Portovaya” zavodundan Çinə də LNG göndərilib və bu, 2025-ci ildə “Qazprom”a qarşı ABŞ tərəfindən sanksiyaları tətbiqindən sonra ikinci belə haldır. Proses çərçivəsində “Valera” qazdaşıyan gəmisi Beyxay terminalında boşaldılıb. Həmin limana həmçinin mayın 15-də ötən ilin noyabrından bu yana ilk dəfə olaraq “Yamal LNG” layihəsindən göndərilmiş yükün çatacağı da gözlənilir.

“Rosstat”ın məlumatına görə, 2025-ci ildə Rusiya 32,9 milyon ton LNG istehsal edib. Gömrük statistikası qapalı olsa da, “Reuters” agentliyinin hesablamalarına əsasən, ixrac 31,3 milyon ton təşkil edib. Bunun 13,8 milyon tonu Avropa İttifaqına, 9,79 milyon tonu Çinə, 5,8 milyon tonu isə Yaponiyaya göndərilib.

Rusiyada LNG əsasən beş müəssisədə istehsal olunur. Ən böyüyü illik 17,4 milyon ton gücü olan və Avropaya tədarük edən “Yamal LNG”dir. Şirkətin 50,1%-i “Novatek”ə, qalan hissəsi isə Fransanın “TotalEnergies” (20%), Çin Milli Neft-Qaz Korporasiyası (20%) və Çin İpək Yolu Fonduna (9,9%) məxsusdur. Digər iri istehsalçı “Saxalin-2”dir (9,6 milyon ton). Onun səhmdarları “Qazprom” (77,5%), Yaponiyanın “Mitsui” (12,5%) və “Mitsubishi” (10%) şirkətləridir. Bu iki müəssisə sanksiyalara məruz qalmayıb.

Rusiyanın ən böyük layihəsi kimi nəzərdə tutulan “Arctic LNG 2” (19,8 milyon ton) isə ABŞ sanksiyalarının əsas hədəfinə çevrilib və tikintisi ləngiyib. Üç xəttdən birincisi 2023-cü ilin dekabrında, ikincisi isə yalnız 2025-ci ilin mayında işə düşüb. Üçüncü xəttin açılışı 2028-ci ilə təxirə salınıb.

“Qazprom”un “Portovaya” zavodu (1,5 milyon ton) və “Kriogaz-Vısotsk” layihəsi (820 min ton) 2025-ci ildə ABŞ sanksiyalarına məruz qalıb. “Kriogaz-Vısotsk” istehsalı dayandırıb, “Portovaya” isə bir müddət Kalininqrad vilayətinə yönəlib və 2025-ci ilin dekabrında Çinə ilk LNG partiyasını göndərib.

Ekspertlərin fikrincə, Hindistana ilk göndəriş bir növ test xarakteri daşıyır və proses boyu ödəniş və yükün boşaldılmasının necə həyata keçiriləcəyi, ikinci dərəcəli sanksiyalar tətbiq olunun-olunmayacağı aydınlaşdırılmalıdır. Hindistanın yalnız sanksiya riskini kompensasiya edən endirim olduğu halda bu qazı alacağı gözlənilir.

Rusiya hökuməti Avropanın qadağasını gözləmədən LNG ixracını dost hesab etdiyi ölkələrə - Çin, Hindistan, Tayland və Filippinə yönəltməyi planlaşdırır. Lakin bu proses üç əsas maneə ilə üzləşir: sanksiyalar, logistika çətinlikləri və qiymət amilləri. Yeni marşrutlar daha baha başa gəlir və iri investisiyalar tələb edir.

Bu xüsusda, Hindistan perspektivli bazar hesab olunur. Hazırda onun LNG idxalının 67%-i Qətər, BƏƏ və Oman tərəfindən təmin olunur. Lakin Hindistan sanksiya risklərinə qarşı həssasdır və ucuz qiymət tələb edir. Ekspertlərə görə, Hindistan bazarı Çin qədər böyük rol oynamayacaq.

News about -   Rusiya LNG-si Hindistan bazarında möhkəmlənə bilər?

Hindistanın istədiyi qiymət təxminən 5–6 dollar/MMBtu (1000 m³ üçün 180–215 dollar), Rusiya üçün isə sərfəli səviyyə 8–10 dollar/MMBtu-dur. Buna baxmayaraq, 2025-ci ildə Asiyada orta spot qiymət 12 dollardan yüksək olub.

Qeyd edək ki, Cənub-Şərqi və Cənubi Asiya Rusiyanın hələ tam mənimsəmədiyi bazardır. Burada Tayland, Malayziya, İndoneziya, Sinqapur, Vyetnam, Filippinlər və Myanma perspektivli sayılır. Lakin əsas problem logistika və sanksiya riskləridir.
Filippində isə LNG infrastrukturu zəifdir və günəş enerjisinin sürətli inkişafı qaz tələbatını azaldır. Tayland və digər ölkələr isə ABŞ təsiri və sanksiya risklərinə görə ehtiyatlı davranırlar.

Nəticə etibarilə, Rusiya LNG-si Asiya bazarına çətin, lakin tədricən daxil olur. Bu proses mürəkkəb logistika, siyasi risklər və iqtisadi balans tələb edir və yaxın illərdə əsasən ehtiyatlı, qısa müddətli müqavilələrlə müşayiət olunacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol