Rubio: ABŞ üçün əsas prioritet İranın nüvə silahı əldə etməməsidir
23 İyul 2026 22:54   Paylaş

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, İranın nüvə silahına sahib olmamasını təmin etmək ABŞ-nin milli təhlükəsizlik üzrə əsas prioritetidir.

"Stabil.az" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Rubionun sözlərinə görə, Vaşinqtonun strateji məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını qəti şəkildə almaqdır və bu məsələdə ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: "ABŞ nüvəsizləşdirilmiş və heç vaxt nüvə silahına sahib olmayacaq İran görmək istəyir. İranın gələcəyinə kimin rəhbərlik etməsi ayrıca məsələdir. Əlbəttə, nüvə silahı istəməyən insanların hakimiyyətdə olması daha yaxşı olardı. Ancaq bizim əsas marağımız rejimin kimliyindən deyil, İranın nüvə silahına sahib olmamasından ibarətdir".

Rubio qeyd edib ki, ABŞ İranın nüvə silahı əldə etməsini qlobal təhlükəsizlik üçün ən ciddi təhdidlərdən biri hesab edir.

"Bizim üçün əsas təhlükə nüvə silahına sahib olan bu radikallardır. Donald Tramp prezident olduğu müddətdə bunun baş verməsinə imkan verilməyəcək", - ABŞ dövlət katibi vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol