Rəqəmsal İnkişaf Agentliyi: "Digital Bridge" ilə 2 milyarddan artıq əməliyyat aparılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) açıqlayıb ki, “Digital Bridge” rəqəmsal məlumat mübadiləsi sistemi vasitəsilə artıq 2 milyarddan çox əməliyyat həyata keçirilib.
"Stabil.az" xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Fərid Osmanov ötən ilin nəticələrinə dair mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu əməliyyatların 1 milyarddan çoxu məhz 2025-ci ilə təsadüf edir.
Osmanov bildirib ki, son dövrdə 10 yeni qurum və 27 informasiya sistemi rəqəmsal məlumat mübadiləsi sisteminə inteqrasiya olunub. Bu isə ümumilikdə 500-dən çox elektron xidmətin sistemlə birləşdirilməsi deməkdir.
Rəqəmsal sənəd dövriyyəsi sistemi vasitəsilə biznes subyektlərinin də inteqrasiyasına başlanılıb. Hazırda 17 universitet və digər təhsil müəssisəsi, eləcə də 16 biznes subyekti rəqəmsal sənəd dövriyyəsinə qoşularaq dövlət qurumlarının yazışmaları tamamilə kağızsız formata keçirilib. Ümumilikdə 1 300-dən çox qurum bu sistemə inteqrasiya olunub ki, bu da 31 milyondan çox vərəqə və təxminən 5 700 ağacın qənaət edilməsinə imkan verib.
Osmanov qeyd edib ki, bu texnologiya yaşıl cəmiyyətin qorunması istiqamətində aparılan uğurlu layihələrdən biridir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





