Qusarda Bənövşə gölü su anbarının bərpasına başlanılıb
10 Fevral 2026 09:34   Paylaş

Qusarda 1982–2016-cı illərdə istismar olunmuş və son 10 ildə istifadəsiz qalaraq bataqlığa çevrilmiş "Bənövşə gölü" su anbarının bərpasına başlanılıb.

"Stabil.az" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verib.

Bununla bağlı keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Agentliyin tabeliyində olan Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi və rayon ictimaiyyəti iştirak ediblər. Bildirilib ki, su anbarı 2016-cı ildə "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması" layihəsinin icrası başa çatdıqdan sonra istifadəsiz qalaraq quruyub. Layihə üzrə su anbarının bərpası işlərinə başlanılıb.

Qeyd edilib ki, su anbarının yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, eyni zamanda sosial əhəmiyyətli təşəbbüsdür. Layihənin icrası nəticəsində 7 kənddə yaşayan 11 min nəfərdən artıq əhalinin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur. Hazırda - su anbarının bərpası layihəsinin birinci mərhələsində anbarın lil və çöküntülərdən təmizlənməsi, zəruri yerlərdə beton örtüyünün bərpası, su xəttinin yenilənməsi, mühafizə hasarının çəkilməsi və digər işlərin görülməsi planlaşdırılıb.

Qusar rayonunda növbəti mərhələdə içməli su təminatında ciddi problemlər yaşanan Köhnəxudat, Əvəcük, Gədəzeyxur, Bədişqala, Gündüzqala, İmamqulukənd kəndlərinə su xətlərinin çəkilməsi və Aşağı Ləgər kəndinin içməli su xəttinin də bu anbara qoşulması nəzərdə tutulur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol