Qurban Qurbanov Almaniya təmsilçisi ilə oyunun önəmini vurğulayıb
20 Yanvar 2026 15:15   Paylaş

UEFA Çempionlar Liqasındakı növbəti oyun "Qarabağ" üçün çox vacibdir.

“Stabil.az”ın məlumatına görə, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bildirib.

Təcrübəli mütəxəssis Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Bu, bizim üçün çox vacib matçdır. Hazırlıq üçün kifayət qədər vaxtımız olmadı, lakin mövcud zamandan səmərəli istifadə etdik. Oyuna sakit şəkildə köklənmişik. Əsas məqsəd futbolçuları fiziki baxımdan hazır vəziyyətə gətirmək idi. Meydanda intizamlı komandaların mübarizəsini görəcəyik”.

Qurban Qurbanov rəqib komandada baş məşqçi dəyişikliyinin planlara təsir göstərə biləcəyini də qeyd edib:

“Əvvəlki oyunları təhlil edirdik. Yanvardan indiyədək üç matç keçiriblər. Həm heyət, həm də oyun sistemi baxımından fərqliliklər var idi. Hücumda və müdafiədə müxtəlif variantlardan istifadə edirdilər. Biz də buna uyğun hazırlaşmışdıq. Lakin vəziyyət dəyişib. Sabah meydanda maksimum diqqətli olmalıyıq. Öz oyunumuzu intizamlı oynasaq, diqqətli olsaq və rəqibin planlarını düzgün oxuya bilsək, çətinliklə üzləşmərik. Rəqib kifayət qədər təcrübəlidir”.

Baş məşqçi hava şəraiti ilə bağlı da mövqeyini açıqlayıb:

“Hər şəraitdə intizamlı olmağa çalışacağıq. Belə hava şəraitində oyunların təxirə salınması nadir hallarda baş verir. Düşünürəm ki, hava oyuna ciddi təsir göstərməyəcək”.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol