“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatına başlanılır
10 Mart 2026 15:58   Paylaş

Xəzərin Azərbaycan sektorundakı “Qoşadaş” sahəsində 3D OBN seysmik işlərinə hazırlıq üçün dəniz dibinin ilkin tədqiqatı aparılacaq.

"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, bu tədqiqatın əvvəlcədən aparılması, gələcəkdə seysmik çöl işləri zamanı nodların optimal yerləşdirilməsini və nəzərdə tutulan əməliyyatların səmərəliliyini təmin edəcək. Əldə olunan nəticələr seysmik proqramın uğurla həyata keçirilməsinə dəstək verəcək.

Tədqiqat çərçivəsində dəniz dibinin şəraitini dəqiq xəritələndirmək və potensial maneələri müəyyən etmək məqsədilə qabaqcıl çoxşüalı və sonar texnologiyalarından istifadə olunur ki, bu da dəniz dibi nodların daha təhlükəsiz və optimal yerləşdirilməsini təmin edir.

İşləri SOCAR-ın Geofizika və geologiya İdarəsi "SOCAR Fugro" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.

Bu işlərin əvvəlcədən icrası gələcəkdə nəzərdə tutulmuş çöl işlərinin daha səmərəli aparılmasına və yüksək keyfiyyətli seysmik məlumatların əldə olunmasına şərait yaradacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol