Qızıl dollara necə uduzdu?
13 Aprel 2026 15:12   Paylaş

Yaxın Şərqdə baş verən müharibə 2008-ci ilin oktyabrından bəri qızılın qiymətində ən kəskin enişə səbəb olub.

"Stabil.az"ın məlumatına görə, mart ayının yekunlarına görə, qiymətli metalın dəyəri 11%-dən çox azalaraq bir unsiya üçün 4672,24 dollara düşüb.

Qiymətli qızılla bağlı bu enişin nə qədər davam edəcəyini, yaxın rüblərdə hansı səviyyələrin gözlənildiyini və əsas amillərin nələr olduğuna nəzər salaq.

İlk olaraq qeyd edək ki, mart ayında qızılın qiyməti son dörd ayda ilk dəfə 4,1 min dollar səviyyəsindən aşağı düşüb. “Investing.com” portalının məlumatına görə, martın 23-də qızılın qiyməti bir unsiya üçün 4098,87 dollara enərək 2025-ci il 24 noyabrdan bəri minimum səviyyəyə çatıb. Beləliklə, 30 yanvarda qeydə alınmış tarixi maksimumdan (unsiya üçün 5595 dollar) qiymətlər təxminən 27% geriləyib.

Bu göstəricilər ayın sonuna doğru qismən bərpa olunaraq 4672,24 dollar səviyyəsində sabitləşsə də, mart üzrə ümumi itki 11,5% təşkil edib.

Bundan daha sürətli aylıq ucuzlaşma yalnız 2008-ci ilin oktyabrında (16,9%) qeydə alınmışdı. Bu dövr “Lehman Brothers”ın iflasından sonra qlobal maliyyə böhranının kəskin fazaya keçdiyi vaxta təsadüf edirdi. Həmin vaxt investorlar likvidlik əldə etmək üçün qızıl da daxil olmaqla bütün aktivləri satmağa məcbur olmuşdular.

Hazırkı enişin əsas səbəblərindən biri isə bazarlardakı qeyri-sabitlik fonunda investorların likvidliyə ehtiyacının artmasıdır. Fevralın sonunda ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Nəticədə dünya üzrə neft ixracının 20%-inin keçdiyi Hörmüz boğazı faktiki olaraq bağlanıb, həmçinin proseslərdən regionun enerji infrastrukturu zərər görüb.

Bu isə neft və qaz qiymətlərinin kəskin artımına səbəb olub. Brent markalı neftin qiyməti ay ərzində 114,33 dollara qədər yüksəlib ki, bu da 2022-ci ildən bəri maksimum hədd hesab olunur. Neftin qiyməti ayın sonunda isə 107,25 dollar səviyyəsində qərarlaşıb. Təbii qaz da ciddi bahalaşıb, belə ki, Niderlandın TTF habında qiymətlər 54% artaraq 1000 kubmetr üçün 610 dollara çatıb.

Enerji qiymətlərinin artması qlobal iqtisadiyyatlara təzyiq göstərib və dünya fond bazarlarında satış dalğasına səbəb olub. Avropa indeksləri 6-11%, Asiya indeksləri isə 11-19% dəyər itirib. Xüsusilə Cənubi Koreyanın KOSPI indeksi (-19%) və Yaponiyanın Nikkei indeksi (-13,3%) ciddi geriləyib.

Qızılın ucuzlaşmasının fundamental səbəblərindən biri də ABŞ-da inflyasiya gözləntilərinin artması və faiz dərəcələrinin aşağı salınması ehtimalının azalmasıdır. ABŞ Federal Ehtiyat Sistemi üzrə gözləntilər dəyişib və bazar iştirakçıları faizlərin 3,5–3,75% diapazonunda qalacağını proqnozlaşdırırlar.

Dolların güclənməsi (+3%) və ABŞ istiqrazlarının gəlirliliyinin artması qızılı daha az cəlbedici edib. “Bloomberg” agentliyinin məlumatına görə, mart ayında qızıl ETF-lərindən 94 tondan çox vəsait çıxarılıb. “Bank of America”nın hesablamalarına əsasən isə investorlar qızıl fondlarından 13,5 milyard dollar çıxarıblar.

Satış dalğası digər qiymətli metallara da təsir edib. Belə ki, platin və palladium 17% ucuzlaşıb, gümüş 22,3% dəyər itirib. Bu metallarda eniş daha kəskin olub, çünki onlar sənaye tələbindən daha çox asılıdır. Məsələn, platin qrupunda qeyri-investisiya tələbi 85–98% təşkil edir.

Apreldə bazar üçün əsas faktor Yaxın Şərqdəki vəziyyət əsas aparıcı qüvvə olaraq qalacaq. Əgər enerji qiymətləri yüksək səviyyədə qalarsa, inflyasiya riski və yüksək faizlər qızıl üzərində təzyiqi davam etdirəcək.

Ekspertlərin fikrincə, əsas ssenaridə qiymət 4400-4700 dollar aralığında olacaq, pessimist ssenaridə isə qiymət 4100 dollardan aşağı düşə bilər.

Eyni zamanda, orta müddətli perspektivdə analitiklər hələ də “bullish” (yüksəliş yönlü) mövqedədirlər. Onlar zənn edirlər ki, qızılın qiyməti yenidən 5000 dollar və daha yuxarı səviyyələrə çata bilər.

Böyük banklar, o cümlədən “Goldman Sachs” və “J.P. Morgan” bu enişi daha çox texniki faktorlarla izah edir və uzunmüddətli artım trendinin davam edəcəyini gözləyirlər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol