Qərbi Azərbaycan İcması: Fransa Senatının qərarı sülh prosesinə maneədir
9 Fevral 2026 10:56   Paylaş

Qərbi Azərbaycan İcması son vaxtlar Ermənistanda və bəzi digər ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları kəskin pisləyib.

“Stabil.az” xəbər verir ki, bu barədə icmanın yaydığı bəyanatda bildirilib.

Qərbi Azərbaycan İcmasının açıqlamasında qeyd olunur ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə müsbət ruhda keçirilmiş görüş günündə Fransa Senatı Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş şəxslərin azad olunmasına çağıran qətnamə qəbul edib. Həmçinin, İsveçrə parlamentinin üzvü Ermənistanda özünü qondarma qurumun rəhbəri kimi təqdim edən şəxslərlə görüşüb və “Qarabağ məsələsi hələ bağlanmayıb” kimi açıqlamalar verib. Bütün bunlar icma tərəfindən “təxribatçı addımlar” kimi qiymətləndirilir.

Bəyanatda sual olunur: “Azadlıq, bərabərlik, qardaşlıq deyən Fransanın parlamenti niyə bir dəfə belə bizim – Qərbi azərbaycanlıların üzləşdiyi faciələrə, deportasiyalara, soyqırımına və Azərbaycan xalqının Ermənistanda tarixi-mədəni izinin silinməsi kampaniyasına münasibət bildirməyib?”

Qərbi Azərbaycan İcması hesab edir ki, ilk növbədə Ermənistan dövləti öz ərazisində keçmiş qondarma rejimin bütün “təsisatlarını” ləğv etməli, regiondan kənar aktorların sülh prosesinə maneə törədən əməllərini pisləyən açıqlamalar verməlidir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol