Qazaxıstan mediası Prezident Əliyevin Davos çıxışlarını işıqlandırır
Qazaxıstan mediası Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində çıxışlarını işıqlandırır.
"Stabil.az" xəbər verir ki, “Kazinform” agentliyi Prezident İlham Əliyevin Bakı və İrəvan arasında çoxillik münaqişə səhifəsini bağlamaq və dayanıqlı sülhə nail olmaq üçün tarixi qərar qəbul etdiklərini sitat gətirib.
Materialda bildirilir ki, Azərbaycan Prezidenti beynəlxalq institutların uzun illər ərzində qəbul olunmuş qərarları həyata keçirə bilmədiyini vurğulayıb. Xüsusilə, BMT-nin dörd qətnaməsini reallaşdırmaq mümkün olmayıb, hansı ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edirdi. Prezidentin sözlərinə görə:
“Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu... Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.
“Nur.kz” saytı Prezidentin “Euronews” telekanalına verdiyi müsahibədən sitatlar dərc edib. Müsahibədə dövlət başçısı Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb:
“Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”.
“Inbusiness.kz” saytı Prezidentin Qazaxıstandan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığı barədə bəyanatını yayıb:
“Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq”.
“Ulysmedia.kz” qeyd edir ki, Prezident İlham Əliyevin sözlərinə görə, beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri müsbət nəticə versə, Azərbaycanda ikinci əhəmiyyətli neft bumuna dair əsaslı ümidlər mövcuddur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





