“Prezident Kuboku 2026” reqatasına 57 Azərbaycan idmançısı qatılacaq
17 Aprel 2026 12:19   Paylaş

27 aprel – 1 may tarixlərində keçiriləcək avarçəkmə və kanoe üzrə beynəlxalq “Prezident Kuboku 2026” reqatasında Azərbaycanı 57 idmançı təmsil edəcək.

"Stabil.az" bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən məlumat verib.

Digər ölkələrdən ümumilikdə 70 avarçəkənin iştirakı gözlənilir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

"Prezident Kuboku" ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq.

Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Aprelin 29-da Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək.

"Prezident Kuboku 2026" beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol