Peskov: Moskva Bakı və İrəvanla tərəfdaşlığı gücləndirməyi planlaşdırır
Rusiya Azərbaycan və Ermənistanla bütün istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir və Moskva bu münasibətləri gələcəkdə də inkişaf etdirmək niyyətindədir.
"Stabil.az" xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın vitse-prezidenti Cey.Di. Vensin Cənubi Qafqaza səfəri və genişmiqyaslı birgə layihələrin reallaşdırılması planları ilə bağlı açıqlamalarını şərh edərkən səsləndirib.
Kremlin sözçüsü bildirib ki, Moskvanın həm Bakı, həm də İrəvanla bütün mümkün sahələri əhatə edən geniş ikitərəfli münasibətləri mövcuddur. Onun sözlərinə görə, bu əlaqələr qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlıq, investisiyalar və mədəni sahələri əhatə edir.
Dmitri Peskov vurğulayıb ki, Rusiya tərəfdaşları ilə münasibətləri daha da möhkəmləndirmək niyyətindədir. “Əlbəttə, biz bu münasibətləri elə inkişaf etdirmək istəyirik ki, bu, təkcə bizim üçün deyil, həm də tərəfdaşlarımız üçün faydalı nəticələr versin”, – deyə o qeyd edib.
Kremlin nümayəndəsi əlavə edib ki, Azərbaycan və Ermənistan suveren dövlətlərdir və öz xarici siyasətlərini müstəqil şəkildə müəyyənləşdirmək hüququna malikdirlər. “Bunlar suveren dövlətlərdir və müxtəlif ölkələrlə münasibətlər qurmaq onların suveren hüququdur”, – deyə Peskov bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





