Pakistan XİN: Əfqanıstana qarşı əməliyyatlar özünümüdafiə çərçivəsində aparılıb
27 Fevral 2026 20:35   Paylaş

Pakistan Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb ki, Əfqanıstandakı terror qruplaşmalarına qarşı aparılan son əməliyyatlar ölkənin özünümüdafiə hüququ çərçivəsində və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilib.

"Stabil.az" xəbər verir ki, XİN bununla bağlı bəyanatı sosial şəbəkələrdə yayıb.

Nazirlikdən qeyd edilib ki, Pakistan silahlı qüvvələrinin addımları Əfqanıstan ərazisində "Fitnə əl-Xavaric" və "Fitnə əl-Hindustan" qruplaşmalarının təkrarlanan terror hücumlarına, həmçinin fevralın 26-na keçən gecə "Taliban"ın təxribat xarakterli hərəkətlərinə cavab olub.

"Pakistanın addımları onun özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində, öz vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin, eləcə də daha geniş regionda və onun hüdudlarından kənarda sabitliyin təmin edilməsi məqsədilə atılıb", - məlumatda bildirilib.

XİN qeyd edib ki, "Taliban" və ya terrorçu qruplar tərəfindən hər hansı növbəti təxribatlara "qətiyyətli və mütənasib tədbirlərlə" cavab veriləcək.

Bəyanata əsasən, Pakistan Əfqanıstan ərazisindən gələn terror təhlükəsinin azaldılması üzrə siyasi və diplomatik səylərdə iştirakını davam etdirib:

"Ölkənin addımları yanlış şərh edilib, bu da "Taliban" rejiminin, eləcə də Hindistanın fəal dəstəyi və köməyi ilə Əfqanıstan ərazisindən terror hücumlarının artmasına gətirib çıxarıb".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol