Pakistan Hindistanın İslamofobiya siyasətini ifşa edir
17 Yanvar 2026 13:15   Paylaş

Pakistan Hindistanın Cammu və Kəşmirdə məscidləri və onların icmalarını profilləşdirməsini — etnik, dini və siyasi mənsubiyyətə görə şəxsləri hədəfə almaq, məlumatlarını zorla toplamaq və onlara təzyiq göstərmək — pisləyib.

“Stabil.az” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Rəsmi açıqlamada vurğulanıb ki, dini məsələlərə bu cür müdaxilə din və etiqad azadlığına dair fundamental hüquqların ciddi şəkildə pozulması olmaqla yanaşı, işğal altında olan ərazidə müsəlman əhalini qorxutmaq və kənarlaşdırmaq məqsədli məcburedici addımdır:

“Din xadimlərinin şəxsi məlumatlarının, fotoşəkillərinin və məzhəb mənsubiyyətlərinin zorla toplanması ibadət edənlər arasında qorxu yaratmaq və onların dinini sərbəst şəkildə icra etməsinə mane olmaq üçün sistemli təzyiq xarakteri daşıyır. Bu addımlar Hindutva ideologiyasının təşviq etdiyi institusionallaşdırılmış İslamofobiyanın bir hissəsidir. Məscidlərin və müsəlman ruhanilərin məqsədli hədəfə alınması bu siyasətlərin ayrı-seçkilik və icma xarakterini açıq göstərir”.

Bildirilib ki, Cammu və Kəşmir xalqı qorxu, məcburiyyət və ayrı-seçkilik olmadan dinini sərbəst icra etmək hüququna malikdir:

“Pakistan onlarla həmrəylik nümayiş etdirəcək və kəşmirlərə qarşı yönəlmiş bütün dini təqib və dözümsüzlük formalarına qarşı səsini qaldırmağa davam edəcək”.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol