“Nvidia”-“Meta” əməkdaşlığı qlobal iqtisadiyyata necə təsir edəcək?
19 Fevral 2026 14:39   Paylaş

ABŞ-nin iki nəhəng texnologiya korporasiyaları “Nvidia” və “Meta” süni intellekt üçün çiplər sahəsində uzunmüddətli tərəfdaşlıq barədə razılığa gəliblər.

“Stabil.az”ın məlumatına görə, razılaşma “Nvidia”nın “Meta” şirkətinə milyonlarla çip tədarük etməsini nəzərdə tutur.

Saziş həm artıq təqdim edilmiş qabaqcıl süni intellekt çiplərini, həm də hələ bazara çıxmamış modelləri əhatə edir. Xüsusilə, “Nvidia” 2024-cü ildə satışına başlanılan Blackwell çiplərini, eləcə də cari ilin ikinci yarısında bazara çıxması planlaşdırılan Rubin çiplərini “Meta”ya tədarük edəcək. Bundan əlavə, şirkət razılaşma çərçivəsində texnologiya nəhəngini “Grace” və “Vera” prosessorları ilə təchiz edəcək.

“Bloomberg” agentliyinin yazdığına görə isə bu addım süni intellekt sənayesinin iki böyük oyunçusu arasında tərəfdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir və cihaz təminatı bazarında rəqiblərin mövqelərinə ciddi zərbə vurur.

“Meta” bu razılaşmadan başqa nə qazanacaq?

“Meta”nın server infrastrukturunun genişmiqyaslı yenilənməsi bir neçə əsas texnologiyanı əhatə edəcək. Şirkət həm mövcud Blackwell nəsil süni intellekt sürətləndiricilərindən, həm də gələcəyin ən yeni arxitekturası olan Vera Rubin platformasından istifadə etməyi planlaşdırır.

News about -   “Nvidia”-“Meta” əməkdaşlığı qlobal iqtisadiyyata necə təsir edəcək?

Lakin sazişin ən vacib məqamı ondan ibarətdir ki, “Meta” ilk dəfə olaraq “Nvidia”nın Grace mərkəzi prosessorlarına (CPU) öz müstəqil kompüter sistemlərinin əsası kimi kütləvi şəkildə istifadə edəcək. Adətən “Nvidia” bu texnologiyanı yalnız güclü qrafik sürətləndiriciləri ilə birlikdə satırdı, lakin indi şirkət özü üçün yeni olan bazara daxil olur.

Saziş barədə danışan “Meta”nın rəhbəri Mark Zukerberq bildirib: “Dünyadakı hər kəs üçün fərdi superintellekt təmin etmək məqsədilə Vera Rubin platforması əsasında qabaqcıl klasterlərin inkişafı üçün Nvidia ilə tərəfdaşlığımızı genişləndirməkdən məmnunuq”.

Müqavilənin ümumi dəyəri açıqlanmasa da, bəzi analitiklər razılaşmanın qiymətinin 50 milyard dollara çata biləcəyini hesab edirlər. Analitiklərin hesablamalarına görə, “Nvidia”nın orta qiymətli süni intellekt sürətləndiricisi 16 061 dollar təşkil edir. Bu isə o deməkdir ki, yalnız bir milyon belə çipin alınması “Meta”ya ən azı 16 milyard dollara başa gələ bilər.

“Meta” artıq “Nvidia”nın ikinci ən böyük müştərisidir. Ötən maliyyə ilində şirkət çip istehsalçısına təxminən 19 milyard dollar gəlir qazandırıb ki, bu da “Nvidia”nın ümumi gəlirinin 9%-ni təşkil edir. Ümumilikdə Mark Zukerberq süni intellekti şirkətin əsas prioriteti elan edib və növbəti üç il ərzində ABŞ-də infrastruktur layihələrinə 600 milyard dollar xərcləməyi vəd edib. Hazırda “Meta” Luiziana, Ohayo və İndiana ştatlarında gücü giqavatlarla ölçülən nəhəng məlumat mərkəzləri inşa edir.

News about -   “Nvidia”-“Meta” əməkdaşlığı qlobal iqtisadiyyata necə təsir edəcək?

Fond bazarı isə iki nəhəng texnologiya şirkətinin yeni əməkdaşlıq xəbərinə dərhal reaksiya verib. Belə ki, məlumat açıqlandıqdan sonra “Meta” və “Nvidia”nın səhmləri təxminən 1% bahalaşıb, “Nvidia”nın əsas rəqibi olan “AMD” şirkətinin səhmləri isə 3% ucuzlaşıb.

Onu da qeyd edək ki, bu saziş süni intellekt sahəsində “silahlanma yarışının” yeni miqyasa keçdiyini göstərir. Ekspertlər texnologiya nəhənglərinin daha ucuz alternativlərə (məsələn, “AMD” və ya “Google” çiplərinə) yönələcəyini gözlədikləri halda, “Meta” “Nvidia” ekosisteminə nəhəng sərmayə qoymağa qərar verib.

Qlobal iqtisadiyyat üçün bu iki məna daşıyır. Birincisi, “Nvidia yalnız qrafik prosessorlar sahəsində deyil, həm də ənənəvi server hesablamaları bazarında mövqeyini gücləndirərək uzun illərin liderlərini sıxışdırır. İkincisi, “fərdi superintellekt” planları artıq elmi fantastika deyil - bu məqsədlər üçün yüz milyardlarla dollar ayrılır və kiçik şəhər ölçüsündə məlumat mərkəzləri inşa olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol