Neft qiymətləri bir barelə görə 200 dollara çata bilər?
24 Mart 2026 12:18   Paylaş

Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı əməliyyata başlamasından qısa müddət sonra analitiklər müharibənin neftin qiymətini bir barel üçün 100 dollardan yuxarı qaldıra biləcəyi barədə xəbərdarlıq etmişdilər. İndi isə, münaqişənin başlamasından üç həftə keçməmiş, ekspertlər qiymətlərin 150, hətta 200 dolları keçməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirirlər.

"Stabil.az"ın məlumatına görə, martın 9-da qlobal etalon sayılan Brent markalı xam neftin qiyməti demək olar ki, 120 dollara çatdı və martın 13-dən bəri 100 dollar həddindən aşağı düşməyib.

Martın 18-də isə İsrailin İranın “Cənubi Pars” qaz yatağına zərbə endirməsi və bunun ardınca İranın Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki neft və qaz obyektlərinə hücumları xam neftin qiymətini daha da artıraraq bir barel üçün 108 dollardan yuxarı qaldırıb.

Analitiklərin böyük əksəriyyəti belə düşünür ki, qlobal neft təchizatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı yaxın həftələrdə faktiki olaraq bağlı qalarsa, qiymətlərin daha da yüksəlməsi üçün geniş imkan var.

Hazırda əsas müzakirə mövzusu isə bu qiymətin nə qədər olacağıdır.
Neft bazarı analitikası şirkəti “Vanda Insights”ın təsisçisi Vandana Hari “Al Jazeera”ya bildirib ki, Yaxın Şərq üzrə etalon sayılan Oman və Dubay neftləri artıq 150 dollar həddini keçib, buna görə də Brent və West Texas Intermediate üçün olmasa belə, 200 dollar artıq görünən məsafədədir. Hörmüz boğazının nə qədər müddət bağlı qalacağı, demək olar ki, tam şəkildə neftin bundan sonra nə qədər bahalaşacağını müəyyən edəcək”.

“Wood Mackenzie” araşdırma şirkətinin analitikləri isə ötən həftə bildiriblər ki, Brent-in qiyməti tezliklə 150 dollara çata bilər və 2026-cı ildə 200 dollar “mümkün olmayan ssenari deyil”.

İran da öz növbəsində 200 dollarlıq neft ehtimalını gündəmə gətirib və ötən həftə hərbi sözçü vasitəsilə dünyanın belə bir sıçrayışa “hazır olmalı” olduğunu bildirib.

Aydındır ki, neftin qiymətinin 150 dollar və ya daha yuxarı olması qlobal iqtisadiyyata ciddi təsir göstərəcək. Beynəlxalq Valyuta Fondu hesab edir ki, neft qiymətlərinin bir il ərzində davamlı olaraq hər 10 faiz artımı qlobal inflyasiyanı 0,4 faiz artırır və iqtisadi artımı 0,15 faiz azaldır.

Brent neftinin indiyə qədər çatdığı ən yüksək qiymət 2008-ci ildə qlobal maliyyə böhranının pik dövründə bir barel üçün 147,50 dollar olub. Bugünkü qiymətlərlə bu maksimum təxminən 224 dollara bərabərdir.

Oksford Universitetinin enerji eksperti Adi İmsiroviç bildirib ki, neftin bir barel üçün 200 dollar olması “qlobal iqtisadiyyat üçün ciddi əyləc rolunu oynayar”. O, belə səviyyələrin “tamamilə mümkün” olduğunu qeyd edib: “Bu, inflyasiyaya, iqtisadi artıma, məşğulluğa təsir edə bilər və bəzi hallarda təkcə yanacaq deyil, həm də gübrə, plastik kimi materialların çatışmazlığına səbəb ola bilər”.

Londonda yerləşən “Marex” şirkətinin enerji bazarı analitiki Saşa Foss isə daha nikbin mövqe sərgiləyərək, Brent-in qiymətinin 200 dollar olması ehtimalını “xeyli şişirdilmiş” adlandırıb.

Foss ABŞ, Kanada, Argentina, Braziliya və Qayana kimi ölkələrdə istehsalın əhəmiyyətli dərəcədə artmasını, eləcə də Səudiyyə Ərəbistanının Şərq-Qərb boru kəməri kimi alternativ təchizat marşrutlarının mövcudluğunu optimizm səbəbi kimi göstərib.

Nəticə etibarilə, ekspertlərin fikrincə, neft qiymətləri Hörmüz boğazında gəmilərin hərəkətinin bərpasından asılı olsa da, onların istiqaməti təklif və tələbin digər qanunları ilə də müəyyən olunacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol