Nazir: Süni intellekt sahəsi davamlı nəzarət və inkişaf tələb edir
Azərbaycanın Elm və Təhsil Nazirliyi süni intellektin tətbiqi istiqamətində bir sıra layihələr reallaşdırır.
"Stabil.az" AZƏRTAC-a istianadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə məlumat verib.
Nazirin sözlərinə görə, süni intellektin geniş şəkildə tətbiqi üçün əsas şərtlərdən biri müvafiq məlumat sistemlərinin mövcudluğudur.
O bildirib ki, müxtəlif elmi məlumatlar sistemli şəkildə toplanmalı və zəruri baza formalaşdırılmalıdır. “Bu cür baza artıq yaradılıb. Hazırda Azərbaycanın təhsil sistemi üzrə dərsliklərin süni intellekt tərəfindən tanınması təmin edilib”, – deyə Emin Əmrullayev qeyd edib.
Nazir şagirdlərin dərs cədvəli və ev tapşırıqları ilə tanış ola bildiyi, valideynlərin övladlarının nailiyyətlərini izlədiyi, müəllimlərin isə elektron jurnaldan istifadə etdiyi “Rəqəmsal məktəb” onlayn təhsil platformasının əhəmiyyətini vurğulayıb.
E.Əmrullayevin fikrincə, hazırda Azərbaycan məktəbliləri tətbiqlər vasitəsilə, xüsusilə tarix və Azərbaycan dili fənləri üzrə yoxlanılmış məlumatlara hər zaman tam çıxış əldə edə bilmirlər.
Nazir bildirib ki, yaxın dövrdə süni intellekt yerli pedaqoqlar tərəfindən yoxlanılmış parametrlər və metodologiya əsasında daxil olan sorğulara cavablar təqdim edəcək.
O, eyni zamanda əlavə edib ki, süni intellekt sahəsi daim diqqət mərkəzində saxlanılmalı və təkmilləşdirilməlidir. “2027-ci ildən etibarən Azərbaycanda təhsilin inkişafı üzrə qüvvədə olan Dövlət Strategiyasının ikinci mərhələsinin icrasına başlanacaq və bu mərhələdə süni intellekt ayrıca istiqamət kimi müəyyənləşdiriləcək”, – deyə nazir vurğulayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





