Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Kralı ilə görüşüb
26 Yanvar 2026 10:45   Paylaş

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.

"Stabil.az" Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb. Kral Həməd bin İsa Al Xəlifə isə salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüş zamanı Bəhreyn Kralı Azərbaycanın inkişafını və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində parlamentlərin oynadığı müsbət rolu vurğulayıb.

Sahibə Qafarova Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu qeyd edib, siyasi əlaqələrin iqtisadi, investisiya və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. O, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini xatırladıb. Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələləri müzakirə olunub.

Milli Məclisin sədri qeyd edib ki, bu, Azərbaycan parlament sədri tərəfindən Bəhreyn Krallığına edilən ilk rəsmi səfərdir. O, parlament sədrləri və deputatların qarşılıqlı səfərlərinin qanunvericilik orqanları arasındakı əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. Səfər çərçivəsində keçirdiyi görüşlər və əməkdaşlıq məsələləri barədə də məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol