Milli koordinator: Bakıda keçiriləcək WUF13 regionun artan əhəmiyyətini göstərir
Bakıda mayın 17-22-də keçiriləcək WUF13 regionun artan əhəmiyyətini və qlobal şəhərsalma gündəliyindəki rolunu nümayiş etdirir, bu forum Mərkəzi Asiya və Cənubi Qafqazda ilk dəfə təşkil olunur.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclasında deyib.
Anar Quliyev qeyd edib ki, bu Forumun əsas məqsədi milli təcrübələrin nümayiş etdirilməsi, bilik mübadiləsinin aparılması və mənzil problemlərinin həllində inklüziv şəhər inkişafını təşviq edən qabaqcıl beynəlxalq təcrübələri öyrənməkdir. Bu tədbir Azərbaycan üçün öz mənzil təşəbbüslərini təqdim etmək və beynəlxalq əməkdaşlığı daha da gücləndirmək imkanı verəcək.
O, həmçinin bildirib ki, əhalinin mənzil ehtiyaclarına cavab vermək məqsədilə Azərbaycan 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyi təsis edib. Dövlətin mənzil siyasətinin əsas istiqamətlərindən biri isə azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ərazilərin bərpası və əhalinin köçürülməsidir. Bu ərazilərdə davamlı, “ağıllı” və inklüziv şəhərlərin inkişafı üçün əhatəli şəhərsalma və mənzil proqramları həyata keçirilir. Mənzillər keçmiş məcburi köçkünlərə dövlət tərəfindən pulsuz təqdim olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




