Meloninin Bakı səfəri: Azərbaycan-İtaliya əlaqələrinin inkişafına daha bir töhfə
5 May 2026 11:16   05 May 2026 11:20 Paylaş

Məlum olduğu kimi, mayın 4-də İtaliyanın Baş naziri Ciorcia Meloni Ermənistana səfərini başa vuraraq Azərbaycana gəlib. Bu, İtaliya Baş nazirinin 13 il sonra ölkəmizə ilk səfəri oldu.

"Stabil.az"ın məlumatına görə, xanım Meloninin Azərbaycana səfəri Roma ilə Bakı arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər yalnız diplomatik jest deyil, həm də enerji, iqtisadiyyat və geosiyasi əməkdaşlıq baxımından konkret maraqların uzlaşdığı bir platforma rolunu oynayır.

İtaliya uzun illərdir ki, Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından biridir. Xüsusilə enerji sektorunda əməkdaşlıq iki ölkə arasında münasibətlərin təməl sütununu təşkil edir. Azərbaycan qazının Avropaya nəqlində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliya əsas alıcı ölkələrdən biri kimi çıxış edir. Bu kontekstdə Trans Adriatik Boru Kəməri vasitəsilə nəql olunan qaz İtaliyanın enerji təhlükəsizliyində mühüm yer tutur. Xüsusilə Avropada enerji təchizatının şaxələndirilməsi məsələsinin aktuallaşdığı bir dövrdə Azərbaycan qazı strateji alternativ kimi dəyərləndirilir.

Hazırda iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev Ciorcia Meloni ilə mətbuata bəyanatlarla çıxış edərkən bildirib:

News about -   Meloninin Bakı səfəri: Azərbaycan-İtaliya əlaqələrinin inkişafına daha bir töhfə

“İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir. İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur”.

Bununla yanaşı, İtaliya Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatıran əsas ölkələrdən biridir. İtaliya şirkətləri Azərbaycanda infrastruktur, tikinti, kənd təsərrüfatı və sənaye sahələrində fəal iştirak edirlər. Bu baxımdan, Meloninin səfəri yeni investisiya layihələrinin təşviqi və mövcud əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Eyni zamanda, Azərbaycanın Avropa bazarlarına çıxışı üçün İtaliya mühüm tranzit və ticarət qovşağı rolunu oynayır.

Onu da qeyd edək ki, Bakı və Roma beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyən mövqe nümayiş etdirirlər. Bu qarşılıqlı dəstək münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Avropa İttifaqı ilə münasibətlər kontekstində də İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biri hesab olunur. İtaliya Avropa İttifaqı daxilində Azərbaycanın mövqelərinin daha yaxşı başa düşülməsi və dəstəklənməsi baxımından körpü rolunu oynayır.

Bununla yanaşı, humanitar və mədəni əlaqələr də iki ölkə arasında münasibətlərin mühüm komponentlərindən biridir. Azərbaycan və İtaliya arasında təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq getdikcə genişlənir.
Bu xüsusda ötən il Bakıda İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başladığını xatırlatmaq yerinə düşər.

News about -   Meloninin Bakı səfəri: Azərbaycan-İtaliya əlaqələrinin inkişafına daha bir töhfə

Mətbuata bəyanatı zamanı Ciorcia Meloni məhz bu məsələyə də toxunaraq qeyd edib: “Dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb. Burada, Bakıda respublika Prezidenti Mattarellanın iştirakı ilə Azərbaycan Diplomatik Akademiyasının nəzdində açılmış universitet İtaliyanın beş nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşmışdır. Yekun nəticədə bütün bunlar mədəniyyət, gələcək nəsillər, xalqlarımız arasında əlaqələr, bu gün həm mədəniyyət, həm ərzaq təhlükəsizliyi sahələrində əldə etdiyimiz razılaşmalar ümumi məramımızın rəmzi anlarıdır. Bütün bunlar eyni istiqamətdə inkişaf edir”.

Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf perspektivlərini əks etdirir. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, siyasi dialoq və mədəni əlaqələr bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir.

Mövcud dinamika göstərir ki, Azərbaycan-İtaliya münasibətləri yaxın illərdə daha da dərinləşəcək və yeni sahələri əhatə edəcək. Bu isə həm regional, həm də beynəlxalq səviyyədə əməkdaşlığın güclənməsinə müsbət təsir göstərəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol