Meksikada iğtişaşlar: Ölümü ilə gündəm olan “El Menço” kimdir?
24 Fevral 2026 10:28   27 Feb 2026 15:12 Paylaş

Meksikada “El Menço” ləqəbi ilə tanınan Nemesio Rubén Oseguera Servantes adlı kartel liderinin öldürülməsi hazırda bütün dünyanın gündəmindədir. Onun zərərsizləşdirilməsi Mexiko boyunca iğtişaş dalğasına səbəb olub.

“Stabil.az”ın məlumatına görə, bunun ardınca, Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı bir çox ölkə öz vətəndaşlarına səyahət xəbərdarlıqları və təhlükəsizlik bildirişləri ünvanlayıb. Eyni zamanda, Mexikodakı səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət edib. Məlumatda vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunub.

Bəs “El Menço” kim idi və onu kim öldürdü?

“El Menço” Jalisco Yeni Nəsil Kartelinin rəhbəri idi. Onun ölümündan sonra silahlı şəxslər bir neçə məşhur turizm məkanında zorakılıq törədib. Nəticədə ölkə üzrə təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Kartel üzvlərinin yandırdığı avtomobillər 20 ştatda yolları bağlayıb. Ölkənin ikinci ən böyük şəhəri və Jalisco ştatının paytaxtı Guadalajara şəhərində insanlar evlərinə qapanıb, bir neçə ştatda isə dərslər ləğv olunub. Bununla yanaşı, ölkədə reyslər ləğv edilib, taksi tətbiqlərinin fəaliyyəti isə dayandırılıb.

Daha çox “El Menço” kimi tanınan 59 yaşlı Oseguera Servantes Meksikanın qərbində yerləşən Michoacan ştatındandır. Onun mütəşəkkil cinayətkarlıqla əlaqələri ən azı 30 il davam edib.

News about -   Meksikada iğtişaşlar: Ölümü ilə gündəm olan “El Menço” kimdir?

O, 1994-cü ildə ABŞ-da heroin qaçaqmalçılığına görə mühakimə olunaraq üç il həbs cəzası almışdı. Meksikaya qayıtdıqdan sonra isə ölkənin narkotik alveri dünyasında sürətlə yüksəlmişdi.

Təxminən 2009-cu ildə o, Jalisco Yeni Nəsil Kartelini yaratdı. Bu kartel Meksikanın ən sürətlə böyüyən cinayət təşkilatına çevrildi. Belə ki, dəstə kokain, metamfetamin, fentanil və miqrantları ABŞ-a daşıyır, dronlar və əldəqayırma partlayıcı qurğular vasitəsilə zorakılıq tətbiq edirdi.

Kartel 2015-ci ildə Jalisco ştatında hərbi helikopteri vurmaq və hazırda Meksikanın federal təhlükəsizlik katibi olan Omar Garcoa Harfucha qarşı uğursuz sui-qəsd cəhdi də daxil olmaqla, Meksika təhlükəsizlik qüvvələrinə qarşı hücumları ilə tanınırdı.

Təşkilat onlayn platformalar vasitəsilə üzvlər toplayır, yanacaq oğurluğu, hədə-qorxu ilə pul toplama və digər fırıldaqlar kimi fəaliyyətlərdən gəlir əldə edirdi.

2017-ci ildən etibarən Oseguera Servantes ABŞ-ın Kolumbiya dairəsi üzrə məhkəməsində bir neçə dəfə ittiham olunmuşdu. Çikaqoda da qətllər və milyonlarla dollar qanunsuz gəlirə görə ittiham edilirdi. Keçən il onun başına qoyulan mükafat 15 milyon dollara çatmışdı.

2025-ci ilin fevralında isə ABŞ Prezidenti Donald Trump administrasiyası karteli xarici terror təşkilatı kimi tanıdı.

“El Menço”nu kim öldürdü?

Oseguera Servantes fevralın 22-də Jalisco ştatının Guadalajara şəhərindən təxminən iki saatlıq məsafədə yerləşən Tapalpa bölgəsində saxlanılma əməliyyatı zamanı öldürülüb.

Meksikanın Müdafiə Nazirliyi bildirib ki, əməliyyatda Meksika Hərbi Hava Qüvvələri və xüsusi təyinatlılar iştirak edib. Qarşıdurma zamanı federal qüvvələr dörd kartel üzvünü öldürüb, üç nəfəri - o cümlədən kartelin liderini yaralayıb. O, Mexiko şəhərinə hava yolu ilə aparılarkən ölüb.

Bununla yanaşı, hadisə zamanı üç əsgər yaralanıb, iki nəfər saxlanılıb.

News about -   Meksikada iğtişaşlar: Ölümü ilə gündəm olan “El Menço” kimdir?

Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, ABŞ hökuməti əməliyyata kəşfiyyat dəstəyi göstərib və Meksika ordusunun fəaliyyətini yüksək qiymətləndirib.

Kartel liderinin ölümündən sonra nə baş verdi?

Hadisə bir neçə Meksika ştatında zorakılıq və iğtişaşlara səbəb olub. Prezident Klaudia Şeinbaum əhalini sakitliyə çağırıb və 20 ştatda qurulan 250-dən çox yol baryerinin böyük hissəsinin aradan qaldırıldığını açıqlayıb.

Bununla belə, kartelin reaksiyası ilə bağlı qeyri-müəyyənlik qalır. Onun yerinə kimin keçəcəyi məlum deyil.

Kartel ən azı 21 ştatda fəaliyyət göstərir və ABŞ-ın demək olar ki, bütün ərazisində aktivdir. Lakin onun  ölümünün Meksikadan kənarda da təsir göstərə biləcəyi ehtimal edilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol