Macarıstanın yeni Baş naziri kimdir?
Mühafizəkar siyasətçi və Avropa Parlamentinin deputatı Peter Madyarın Tisza partiyası aprelin 12-də keçirilən parlament seçkilərində qalib gəlib.
"Stabil.az"ın məlumatına görə, yekun nəticələr hələ rəsmi olaraq açıqlanmasa da, Macarıstanın hazırkı və uzun illlik Baş naziri Viktor Orban Madyarı qələbəsi münasibətilə təbrik edib.
Bəs 45 yaşlı Peter Madyar kimdir?
Hüquq təhsili almış macar siyasətçi 20 ildən çox müddət ərzində Viktor Orbanın hakim Fidesz partiyasının az tanınan üzvü olub. O, Brüsseldə diplomat kimi çalışıb və dövlət qurumlarında yüksək vəzifələr tutub. Madyar həmçinin 2023-cü ilə qədər Fidesz partiyasının aparıcı fiqurlarından olan Judit Varga ilə evli olub.
O, 2024-cü ildə uşaq evində baş vermiş cinsi zorakılığın ört-basdır edilməsinə görə məhkum olunmuş bir şəxsin əfv edilməsi ilə bağlı qalmaqaldan sonra Orbanla yollarını ayırdığı zaman tanınmağa başladı. Həmin il o, yeni siyasi hərəkat olan Tisza partiyasını yaratdı və bu hərəkat Macarıstanda keçirilən Avropa Parlamenti seçkilərində səslərin 30 faizini qazandı.
Aprelin 12-də baş tutan parlament seçkilərində partiyanın səslərin 66 faizi sayıldıqdan sonra 137 mandat qazanaraq üçdə iki çoxluq əldə edəcəyi proqnozlaşdırılırdı.

2025-ci ilin yanvarında Peter Madyar bəyan etmişdi ki, Tisza seçkilərdə qalib gələrsə, Macarıstanın Avropa İttifaqı və NATO daxilindəki yerini qəti şəkildə möhkəmləndirməyi, Aİ tərəfindən dondurulmuş maliyyə vəsaitlərinin açılmasına nail olmağı, ölkəni Avropa Prokurorluğuna qoşmağı və Rusiya ilə Çinlə “pragmatik” münasibətlər qurmağı planlaşdırır. O vurğulayıb ki, bu münasibətlər ölkəni Çin kreditlərindən və Rusiyanın təsirindən asılı vəziyyətə salmamalıdır.
2025-ci ilin iyulunda Madyar Macarıstan üzrə səfərə başlamışdı və 2026-cı ilin yazına qədər yüzlərlə şəhər və kəndi gəzərək ölkənin müxtəlif bölgələrində gündəlik bir neçə görüşlər keçirmişdi.
Onu da qeyd edək ki, Madyar Orbanın ilk sağçı rəqibi deyildi.
2022-ci ildə keçirilən ümumi seçkilərdə Orbanın parçalanmış rəqibləri yeddi uşaq atası, dindar və kiçik şəhər meri olan mühafizəkar Peter Marki-Zay ətrafında birləşmişdilər. Lakin bu cəhd uğursuz oldu və hakim partiyanın media resurslarından istifadə edərək Marki-Zayı Ukraynada Rusiyaya qarşı döyüşmək üçün macarları göndərmək istəyən müharibə tərəfdarı kimi təqdim etməsindən sonra Fidesz böyük fərqlə qələbə qazandı.

Bununla yanaşı, seçki kampaniyası zamanı Peter Madyar və Viktor Orban bir-birini xarici dövlətlərin maraqlarına xidmət etməkdə ittiham edirdilər. Baş nazir hələ yanvar ayında bildirmişdi ki, Madyar Ukrayna ilə Fidesz hökumətini devirmək və qərbyönlü administrasiya qurmaq məqsədilə razılaşma bağlayıb. Buna uyğun olaraq, Kiyevə seçki kampaniyasına müdaxilə ittihamı da yönəldilmişdi. Mart ayında Macarıstanda çirkli pulların yuyulması şübhəsi ilə yeddi ukraynalı saxlanılmışdı (sonradan onlar azad edildi –red). Həmin şəxslər Avstriyadan milyonlarla dollar və avro nağd pul və qızıl külçələri gətirirdilər. Orban bu vəsaitlərin “müxalif, proukraynalı partiyanın” maliyyələşdirilməsi üçün nəzərdə tutulduğunu güman etmişdi. Madyar isə Kiyevlə əlaqəsini dəfələrlə inkar edərək bildirib ki, Tiszanın Ukrayna tərəfindən maliyyələşdirilməsinə dair təsdiqlənmiş heç bir fakt yoxdur.
Artıq bir çox dünya lideri Madyarın partiyasının qələbəsi ilə bağlı təbriklərini çatdırıb. Elə həmin axşam Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Avropa Parlamentində Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber onu təbrik etdilər.
Seçkilərdən sonra axşam saatlarında tərəfdarları qarşısında çıxış edən Madyar isə bildirib ki, onun partiyası Baş nazir Viktor Orbanın “rejimini dəyişməyə” və “Macarıstanı azad etməyə” nail olub. “Ölkəmiz yenidən yaşamaq istəyir. O, yenidən Avropa ölkəsi olmaq istəyir”, - deyə o vurğulayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




