Kuala Lumpurda keçirilən “DSA 2026” sərgisində Azərbaycan məhsulları nümayiş olunur
Aprelin 20-də Malayziyanın Kuala Lumpur şəhərində 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi “DSA 2026” öz işinə başlayıb.
"Stabil.az" Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə (“Azərsilah”) məxsus 72 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Eyni zamanda, “Azərsilah”ın stendində Azərbaycanın “USH Group”, “Synapline”, “Q-STP”, “6L Systems” və “RD Smart” şirkətləri də öz məhsullarını sərgiləyir.
Malayziyanın Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən “DSA 2026”da 50 ölkədən 600-dən çox yüksək səviyyəli nümayəndə heyəti, 1400 şirkət iştirak edir.
Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Türkiyənin milli müdafiə nazirinin müavini Musa Heybət, Malayziyanın müdafiə nazirinin müavini Adli bin Zahari və Sinqapur Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aaron Benq ilə görüşüb.
Görüşlərdə mövcud münasibətlərin ümumi vəziyyəti müsbət qiymətləndirilərək, qarşılıqlı əlaqələrin gücləndirilməsinin əhəmiyyətinə toxunulub. Tərəflər müxtəlif platformalarda əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyini qeyd ediblər.
Eyni zamanda, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsinin rolu, həmçinin gələcəkdə belə dialoqların davam etdirilməsinin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sərgi aprelin 23-də başa çatacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





